photo_38376765
Tutulan qadın narkobaron vəzifəli şəxsin katibəsi işləyibmiş

Bakıda keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkobaron haqqında maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.

2015-ci ildə G.Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və sonradan digər 2 nəfərlə birgə həmin şəxsləri bu videolarla şantaj etməsi üzə çıxıb. O vaxt Gülnar Əhmədova və onunla əlbir olan şəxslər barəsində cinayət işi açılıb, həmçinin o, katibə işlədiyi idarədən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, G.Əhmədova Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyirmiş. Onunla birgə narkokuryerliyə cəlb etdiyi şəxslər də saxlanılıb.

G.Əhmədovanın Nəsimi rayonunda yerləşən hotellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən hotellərdə gecələdiyini bildirib.

Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

01.09.2022 15:51
show 189