17.09.2021
12:14
204

Türkmənistan da razılıq verdi – Türk Dövlətləri Təşkilatı elan olunur

Loading...

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək. Bundan əlavə, Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Bununla da 6 dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan qurumun tamhüquqlu üzvünə çevriləcək. Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq”.

Bu sözləri Sfera.az-a siyasi analitik Turab Rzayev deyib.

Siyasi analitikin sözlərinə görə, bu gün Türk Birliyinin strateji əhəmiyyəti artmaqdadır:

"Əvvələr Türk Birliyi bir çox ölkə üçün simvolik bir ideyadan ibarət idi. Hətta 90-cı illərdə TDƏŞ yaradılanda bir çox türk dövləti təşkilata mərhum prezident Heydər Əliyevin şəxsi nüfuzu sayəsində daxil olmuşdu. Mərkəzi Asiya ölkələrinin bir çoxu türkçülük ideolgoiyasından uzaq idi. Heydər Əliyevi özlərinə ağsaqqal hesab edən türk dövlət başçıları təşkilata məhz onun istəyi əsasında üzv olmuşdu.

Lakin bu gün həm türk ölkələrinin Türk Birliyinə, həm də türkçülüyə baxışı əsaslı surətdə dəyişib. Dövrün dəyişən şərtləri, milli şüurun oyanması, geosiyasi və iqtisadi maraqlar bu gün türk dövlətlərinin vahid təşkilatda birləşmək istəyini artırıb. Xüsusilə, 44 günlük müharibə zamanı Azərbaycanın əldə etdiyi qələbə bu düşüncənin oturuşmasında həlledici rol oynadı.

Yəni Azərbaycanın və Türkiyənin vahid siyasi hərbi maraqdan çıxış etməsi, günü-gündən güclənməsi 27 ildir həlli dalana dirənən Qarabağ münaqişəsinin 44 gün ərzində həll edilməsi, digər türk ölkələrinin də özlərinə olan inamını artırdı”.

T. Rzayevin sözlərinə görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası birmənalı olaraq Türk Birliyi adlanmalıdır:

"Bu gün bu birliyin adından çəkinməməliyik. Çünki bu birliyin başqa ölkələrin ərazi bütövlüyünü pozmaq və ya işğalçılıq niyyəti yoxdur. Əksinə türk dövlətləri birləşərək öz suverenliklərini qorumaq yolunda əmin addımlar ata bilərlər. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Türkiyə Mərkəzi Asiya ölkələrində hərbi təlimlər keçirdi. Türkiyə və Azərbaycanın illərdir, apardığı xarici siyasət və uğurlu nəticələrini digər türk dövlətləri də görür. Bu gün türk ölkələrinə lazım olan xarici təhdidlərdən qorunmaq, iqtisadi, siyasi, hərbi inkişaf Türk Birliyi ətrafında bir araya gəlməklə mümkündür”.

Loading...