635652be934d1202210225422
Türkiyəli generaldan İrana SƏRT İSMARIC: Ağlını başına yığ, əgər Azərbaycana...
"İranın hərbi təlimlər ilə "güc nümayişi" göstərərək Bakı və Ankaranı qorxutmaq istəyi mümkün deyil".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

O bildirib ki, İran unutmasın ki, Azərbaycana gələcək ən cüzi bir zərər Türkiyəyə edilmiş sayılır:

"İranın Azərbaycan və Türkiyə ilə sərhəddə "güc nümayişi", onların fərqli diplomatiya yürütdükləri deməkdir. İranın bu fəaliyyəti nə onun keçmiş günahlarını təmizləyər, nə də Türkiyə və Azərbaycanı qorxudar. 

Təəssüf ki, 1988-ci ildən 1992-ci ilə qədər müharibə müddətində, müharibədən sonra 28 il, 28 ildən sonra da 44 günlük müharibə ilə Zəfərdən sonra ötən zaman kəsiyində də İran nə ağıldan yana, nə hüquqdan yana, nə əxlaqdan yana münasibət ortaya qoymadı və yanlış tərəfi seçdi. 

Amma eyni zamanda məsələ orasındadır ki, bunu 28 il idi ki, etiraf edə də bilmirdilər. Fəqət bir neçə gündür artıq etiraf etdilər ki, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir!". Beləcə, hər kəs tərəfini seçdi. 

Türkiyə sülh, sabitlik, inteqrasiya, dünya əhəmiyyətli iri layihələrə töhfə vermək üçün Zəngilanda olarkən, İran da getdi Ermənistanda (Qərbi Zəngəzurda - Qafan) boş bir binada konsulluq açdılar. Tehranın bu addımı, Azərbaycana qarşı təhdidvari açıqlamaları, xüsusilə də xalqın həssas məsələlərindən biri olan din, məzhəb kimi amillərdən istifadə etməyə çalışmaları boş bir cəhddir. 

Çünki Azərbaycan dövləti, xalqı İranın bu cür iyrənc oyunlarını çoxdan geridə qoyub. İranın bu etdikləri nə İslama, nə şiəyə, nə də xoş niyyətli bir qonşuya yaraşmayan davranışdır. Türkiyə və Azərbaycanın İranın ərazi bütövlüyü ilə bağlı bir narahatlığı yoxdur. Biz Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, suverenliyini düşünərkən, yeni sülh statusu ilə sabitlik yolunda öncə bunun bölgə dövlətlərinə xeyirini və hər bir ölkənin sabitliyində pay sahibi olması istiqamətində çalışırıq. 

İranın bu anlaşılmaz reaksiyaları - müharibə zamanı olan reaksiyası və müharibədən sonrakı hərəkətləri ağıla gəlməyəcək, xəyal edilməyəcək bir məsələdir. İran bir də bu etdiklərinin arxasında dayanacaq gücə sahib deyil. Çünki İran indi üç-dörd cəbhədə - Yəmən, Suriya, İraqda fəaliyyət göstərir, eyni zamanda daxili təhlükəsizlik məsələsi böyük təhlükə qarşısındadır və meydana çıxan hadisələrin qarşısını almaq qabiliyyətinə də sahib deyillər. 

İranın bu etdikləri səhv addımdır. Biz İranı son dəfə ağlını başına yığmağı, yanlış qərarlar qəbul etməməyi, həqiqi dostunun kim olduğunu bir daha düşünməyi, beynəlxalq hüququn normalarından kənara çıxmamağı tövsiyə edirik. Əgər Tehran Türkiyə və Azərbaycana qarşı bu cür neqativ, hədə-qorxu davranışlarını bir də praktiki olaraq həyata keçirmək niyyətinə düşərsə, - mən İranın elə bir addım atacağını ehtimal etmirəm, bu, sadəcə güc nümayişidir, - qarşılığında lazımı cavabı da alar. 

Çünki Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik daha üst səviyyəyə çatdı. Azərbaycana gələcək ən cüzi bir zərər artıq Türkiyəyə edilmiş sayılır. İran hesabını buna görə götür-qoy etsin, addımını buna görə atsın.

İslamdan, şiəlikdən danışan İran niyə 28 illik işğal zamanı İslamı, müsəlmanları, şiəliyi, dini abidələrin təhqir edən, içərisində heyvan saxlayan, onları dağıdıb-uçuran, bir milyona yaxın müsəlmanı qaçqınçılıq yaşamağa məcbur qoyan və Xocalıda müsəlmanlara soyqırım törədən Ermənistana o illər boyunca hər hansı bir reaksiya vermədi?

Ona görə də İran-Azərbaycan sərhəddinin təxminən 130-140 km-i ermənilər tərəfindən işğal edilərkən səsini çıxarmayan rəsmi Tehranın bu gün boşboğazlıq etməsi əhəmiyyətsiz bir fəaliyyətdir. O səbəbdən də deyirik ki, İran, ağlını başına al! Doğrunu aşkar et, haqlıdan, hüquqdan yana davranışına yenidən göz gəzdir".

24.10.2022 13:42
766