6741ba0fd80ae202411241839

Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı ilə bağlı YENİ XƏBƏR: Polkovnik-leytenant imiş – DETALLAR

Türkiyədə "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub.

Qlobal.net "Müsavat"a istinadən xəbər verir ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.

Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb.

Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir.

Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

Qeyd edək ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe vəzifəsində çalışmış Qəhrəman Məmmədovun hazırda ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe kimi fəaliyyət göstərdiyi bildirilir.

23.11.2024 15:15
show 167