gəmi

Türkiyə 87 gəmi və 20 minlik ordu ilə HƏRƏKƏTƏ KEÇİR

Türkiyə 3 illik fasilədən sonra Qara dəniz, Egey və Aralıq dənizində eyni vaxtda 87 gəmi, 7 sualtı qayıq, 31 təyyarə, 17 helikopter və 20 min personalın iştirakı ilə "Mavi Vətən 2025" hərbi təlimini həyata keçirəcək.

Qlobal.net "Haberler.com"a istinadən bildirir ki, genişmiqyaslı təlim Türk Silahlı Qüvvələrinin dəniz əməliyyatlarına hazırlığını artırmaq, tapşırıqları icraetmə qabiliyyətini gücləndirmək və koordinasiya bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır.

Təlim Türkiyənin Qara, Egey və Aralıq dənizində eyni vaxtda əməliyyat qabiliyyətini yoxlayacaq.

Yunanıstan mətbuatı "Mavi Vətən 2025" təliminə geniş yer ayırıb. Məsələn, "Ta Nea" qəzeti "100 döyüş gəmisi ilə Mavi Vətən" başlığı altında təlimi "təhrikedici" adlandırıb və Türkiyənin regional gücünü artırmaq səylərinə diqqət çəkib.

Bundan əlavə, Yunanıstan hərbi gəmilərinin Türk donanmasının hərəkətlərini yaxından izləyəcəyi vurğulanıb.

Təlimin vaxtı Yunanıstan baş naziri Kiriakos Miçotakisin Ankaraya səfəri ərəfəsində diqqət çəkib.

Təlimdə Türkiyə Dəniz Qüvvələrinin inventarına yeni daxil edilmiş yerli və milli silah sistemləri, sursatlar və pilotsuz dəniz vasitələri də sınaqdan keçiriləcək. Bu texnologiyalar təlimin həm müdafiə sənayesi, həm də milli təhlükəsizlik siyasətləri baxımından əhəmiyyətini artırır.

Dəniz Qüvvələri ilə yanaşı, Quru və Hava Qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığının da iştirak edəcəyi təlim, Türkiyənin 3 dənizdə eyni vaxtda əməliyyat keçirmək qabiliyyətini nümayiş etdirir.

"Mavi Vətən 2025" Türkiyənin dənizlərdəki təsirini artırmaq strategiyasının ən mühüm addımlarından biri kimi qiymətləndirilir. (musavat.com)

04.01.2025 18:53
show 209