Türk kinosunun “pis adamı”nın kədərli həyatı

Əlbəttə ki, “pis adam” olmaq asan deyildi – əgər içində pislik yoxdursa… Hətta rola görə belə pis olmaq, pisi canlandırmaq mümkün deyildi. Amma o, bunu bacardı. İllərlə ən pis adamı oynadı; qatil idi, zalım idi, xain idi, hətta əxlaqsız idi… Döyən, öldürən, amma yaxşılar qalib gəlsin deyə sonda ölən də həmişə o idi. Bütün bunlara baxmayaraq, onun qəlbində “böyük bir yaxşılıq” gizlənmişdi. Ölümünün 20-ci ildönümündə Erol Taşın az tanınan tərəfləri ilə həyat hekayəsini sizə təqdim edirik.
Qlobal.net xəbər verir ki, Erol Taş 28 fevral 1926-cı ildə Türkiyənin Ərzurum şəhərində dünyaya gəlib. İbtidai məktəbi bitirdikdən sonra boksa və kinoya maraq göstərib.
Atasının ölümündən sonra anası ilə birlikdə İstanbula köçən Erol Taş ailəsinə kömək etmək üçün məktəbi yarımçıq qoyub və müxtəlif işlərdə çalışıb.
1947-ci ildə boksda həm İstanbul, həm də Türkiyə ikinciliyini qazanan Taş hərbi xidmətdən sonra bir fabrikdə işləməyə başlayıb.
Bu illərdə kino ilə tanış olan və filmlərdə kütləvi səhnələrdə, kiçik rollarda görünməyə başlayan Erol Taş ilk dəfə 1957-ci ildə Mümtaz Alpaslanın çəkdiyi “Acı Günlər” filmində rol alıb.
600 FİLMİN, DEMƏK OLAR Kİ, HAMISINDA “PİS ADAM” ROLUNDA
Rejissor Ömər Lütfi Akadın 1966-cı ildə çəkdiyi və Cənub-Şərqi Anadoluda bir sərhəd qəsəbəsində baş verən hadisələri əks etdirən “Hudutların Kanunu” filmində “Əli Cello” obrazını canlandıran Taş “Dertli Pınar”, “Gecələrin Ötesi”, “Duvarların Ötesi”, “Sürgün” kimi filmlərdəki rolları ilə tamaşaçı yaddaşında dərin iz buraxıb.
Türk kinosunda 600-ə yaxın filmə çəkilən və adətən “pis adam” rolları ilə tanınan Erol Taşın Türkan Şoray ilə baş rolu paylaşdığı 1967-ci il istehsalı “Ana” filmi və 1992-ci ildə çəkilən “Sürgün” filmindəki yaxşı ürəkli Süleyman Çavuş rolu onun nadir “yaxşı adam” obrazlarındandır.
ÜÇ ÖVLADINA HƏM ANA, HƏM ATA OLDU
Filmlərin “daşürəkli” aktyoru Erol Taş əsl həyatda həyat yoldaşını erkən yaşda itirdiyi üçün üç kiçik övladına həm analıq, həm atalıq edən mərhəmətli bir insan kimi tanınırdı.
Yüzlərlə filmə çəkilən Erol Taş 8 noyabr 1998-ci ildə İstanbulda keçirdiyi infarkt nəticəsində xəstəxanada vəfat edib.
Murad
Qlobal.net