64534a58e5629202305230200

Toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..." - Bərdədə ŞOK OLAY

Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində sevdiyi qıza - Laləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə 9 iyun 2022-ci ildə, saat 18.30-da Bərdə rayonunun kəndində baş verib.

Əhməd yetkinlik yaşına çatmayan Laləni evlənmək məqsədilə zor tətbiq etməklə özünə məxsus "VAZ 21103" markalı avtomobilə mindirib.

Bu zaman o, Lalənin sakitləşməsi üçün onun sol əlinə, sağ said nahiyəsinə, bel və sağ bazu nahiyələrinə əli ilə, sağ ayağının baş barmaq nahiyəsinə isə təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qohumu Lalə ilə evlənmək istəyib: "Laləni qaçırmamışdan təxminən 3-4 ay əvvəl onların evlərinə iki dəfə bibim Pərini elçi göndərdim. Valideynləri Lalənin yaşının az olduğunu, hələ orta məktəbdə təhsil aldığını bildirdilər. Qızı mənə verməyə razı olmadılar. Amma Lalənin bəyəndiyim üçün əl çəkə bilmədim. Ailə qurmaq məqsədilə onu qaçırmaq qərarına gəldim".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 9-da kəndlərində Lalənin əmisi qızı Nərgizin toy mərasimi olarkən onlar da ailəlikcə həmin toya gediblər: "Toyda Lalənin dayım qızı Gülərin və əmim qızı Əfsanənin yanında oturduğunu gördüm. Xalam oğlu Elçin və əmim oğlu Pərvizə Laləni qaçırmaq istədiyimi bildirdim. Onlar da mənə kömək edəcəklərini dedilər.

Əfsanəyə dedik ki, Gülərə desin, Laləni öz həyətlərinə gətirsin, ona sözümüz var. Mən maşınımı Gülərgilin həyətində saxladım. Öz aramızda razılaşdıq ki, maşında əyləşərək gözləyim, Lalə də maşının yanından keçəndə onu tutum. Əfsanə, Gülər və Lalə birlikdə toydan çıxdılar, Gülərgilin həyətinə gəldilər.

Saat 18.30-da radələrində Əfsanə, Gülər və Lalə Elçingilin yanından keçən zaman Elçin Laləyə dedi ki, bacı, bəri dur. Lalə də ona yaxınlaşan zaman Elçin və Pərviz onun belindən və qolundan tutaraq zorla maşına tərəf çəkdilər. Mən də qapını açdım və Laləni avtomobilin içərisinə doğru məcbur formada çəkdim.

Avtomobilə əyləşdirəndə Lalə oturmamaq üçün əlini çöldən tutdu. Əlimlə onun qoluna zərbə vurdum, zorla avtomobilə otuzdurdum.

Avtomolbildə Lalənin sağ tərəfində oturdum. Lalə etirazını və narazılığını bildirdi. Qışqıranda əlimlə Lalənin qoluna, bədəninin müxtəlif yerlərinə vurdum. Ayağımla sağ ayağının barmağına vuraraq sakitləşməsini istədim. Həmin vaxt Laləyə bədən xəsarətləri yetirmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, əvvəl Laləni başqa bir rayona aparmaq istəyiblər: "Biz yenicə kənddən çıxanda Lalənin anasının polisə şikayət etdiyini bildik. Ona görə Laləni valideynlərinə qaytarmaq qərarına gəldik.

Elçinin Mingəçevir şəhərində yaşayan bibisi Səmayə müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya getdik. Lalə qaçaraq başqa bir evə girdi. Polis çağırdılar. Laləni təhvil vermək üçün gözlədik. Polis gələrək bizi apardı.

Laləyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmişəm. Bərdə rayonundan çıxaçıqda Laləni qaytarmaq barədə qərara gəldik. Bunu Laləyə deyəndə sonra sakitləşdi. Daha sonra Laləni vurmamışam. Məndən başqa Laləni ayrı kimsə də vurmayıb".

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Lalənin sözlərinə görə, Əhməd əmisi arvadının qardaşı oğludur:

"İyunun 9-da saat təxminən 18.30-da yaşadığımız kənddə əmim qızının toyunda oldum. Əhmədin bibisi qızı Gülər dedi ki, birlikdə makiyaj etəməyə gedək. Biz mağardan çıxanda Əhmədin əmisi qızı da bizimlə gəldi. Mən və Gülər ayaqyoluna girdik. Çıxandan sonra Gülər və Əfsanə ilə toy evinə qaydırdıq.

Gülərgilin evlərinin həyətində maşınlar çox idi. Maşınların arası ilə toy evinə gedəndə Elçin mənə dedi ki, bacı, bura gəl. Onun sözündən şübhələndim. Üzü Elçinə tərəf geri-geri iki addım atdım. Elçin sağ qolumdan, onun yanında olan Pərviz o biri qolumdan tutdular. Məni yaxınlıqda olan avtomobilə tərəf çəkdilər. Əfsanə də kürəyimdən məni avtomobilə tərəf itələdi.

Avtomobilə çatanda Əhməd arxa qapını açdı. Bu zaman ayağımı avtomobilin oturacaq yerinə dirədim, müqavimət göstərdim, qışqırdım. Əfsanə saçımdan, sonra saçımı buraxaraq əli ilə ağzımı tutdu.

Avtomobili Elçin sürdü, Pərviz isə qabaq oturacaqda oturdu. Mən arxa oturacaqda ortada oturdum, sağ tərəfimdə Əhməd, sol tərəfimdə isə Əfsanə oturmuşdu.

Əfsanə avtomobilə minəndə də əllərimi və qollarımı tutdu. Məni Ağdaş rayonuna aparanda yolda kimsə zəng vurdu və dedi ki, qızın anası polisə gedib".

Zərərçəkmiş qeyd edib ki, onlar yolda fikirlərini dəyişib və qərara gəliblər ki, başqa yerə getsinlər: "Məni qaçıranda Əhməd bədənimə əli ilə vurdu, mənə xəsarət yetirdi. Yolda yalvardılar ki, əgər polis gəlsə, deyim ki, özüm getmişəm. Belə desəm məni qaytaracaqlarını söylədilər. Əvvəl inanmadım, amma and-aman etdilər.

Əhməd Mingəçevir şəhərinə tərəf sürəndə yolda kiminləsə danışdı. Dedi ki, məni oraya gətirib valideynlərimə verəcəklər. Bir müddət sakitləşdim. Məni qaçıranlar yolda düşüb su aldılar. Mən də sakitcə bir az oturdum.

Məni Mingəçevirə gətirəndə Əhmədin qohumunun evini tapa bilmədikləri üçün maşından düşüb kimdənsə soruşananda məni nəzarətsiz buraxdılar. Mən də maşından düşərək bir evə girdim. Ev yiyəsi Əhmədgilə dedi ki, polis sizi aparacaq, çıxın gedin. Amma getmək imkanları olsa da, Əhmədgil getmədilər, polisin gəlməyini gözlədilər.

Polis gəlib məni və Əhmədgili Mingəçevir polisinə apardı. Oradan da bizi Bərdə polisləri gətirdilər. Onların getmədiklərini, mənimlə bərabər polisi gözləmələrini gördükdə inandım ki, həqiqətən Əhmədgil məni ailəmə qaytarmaq üçün Mingəçevirə aparıblar".

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Məhkəmə təsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Əhmədin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

04.05.2023 10:01
show 507