İnsanların sürətlə şəhərlərə köçməsi səbəbindən rayon və kənd yerlərindəki torpaq sahələri satılır. Lakin bəzi mütəxəssislər sözügedən torpaqların satılmasını tövsiyə etmir, hətta imkan daxilində əlavə ərazilər almağı məsləhət görürlər.
Bildirirlər ki, insanlar yaxın zamanda həyatda qalmaq üçün o torpaqda bəzi məhsulları yetişdirmək məcburiyyətində qalacaq. İddialara görə, böyük şəhərlər getdikcə yaşanılmaz hala gələcək, ərzaq qıtlığı yaşanacaq. Bu məqamda isə kənddəki torpaq sahələri xilas rolunu oynayacaq.
Bu cür xəbərdarlıq nə dərəcədə realdır? İnsanlığı belə bir fəlakət gözləyirmi?
Referans.az xəbər verir ki, “globalinfo.az”a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, daha böyük sosial, iqtisadi, siyasi kataklizmlər barədə proqnozlar özünü doğrulda bilər:
“Amma təlatüm yaratmaq doğru fikir deyil. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin istifadəsi ilə əlaqəli Azərbaycanın dövlət proqramı var. Sadəcə, insanlar problemə daha rasional şəkildə yanşmalıdırlar. Bütün proqramların effektiv icrası üçün korrupsiya və rüşvətlə ciddi mübarizə aparmaq lazımdır. İnsanlar başa düşməlidir ki, natural təsərrüfat və məhsul istehsalı kağız əskinazdan üstündür. Məhsul olmasa pul heç nəyi həll etmir. Bütün problemləri yalnız vicdan və iradə həll edir”.
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli xəbərdarlıqların reallıqdan uzaq olduğunu qeyd edib:
“Dünyada uzunmüddətli qıtlığın olacağını düşünmürəm və bu, real görünmür. Ona görə də insanlara demək olmaz ki, torpaq alıb, məhsul istehsal etsinlər. Elə tendensiyanın olacağını da gözləmirəm. Açığı, dünyada texnologiyaların inkişafı, aqrar sahədəki gəlişmələr, məhsuldarlıqların artması kənd təsərrüfatı məhsullarının istehsalını, tələb olunan qidanı təmin edir. Bu gün Avropanın özündə də məhsulların satışı üçün bazarlar axtarırlar. Bu da o deməkdir ki, istehsal kifayət qədər çoxdur”.