"Təşəkkür etməkdən, utanmadan müəllimə töhmət verirlər" - Deputat nazirə səsləndi
"İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd
məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə həyəcan
qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar
əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb.
Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib".
Qlobal.net xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa feysbuk səhifəsində yazıb.
O, qeyd edib ki, təcili bu problem həll olunmalıdır: "Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə
rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol,
Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan
müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver
məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına
bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst
adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi
üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz
maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll
olunmalıdır. Təki Azərbaycan övladları təhsildə ger qalmasınlar".
Deputat qeyd edib ki, müəllimə təşəkkür etmək yerinə, utanmadan töhmət verilir: "Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik
davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış oldğunu
söyləmiş və həmin müəlliməni müdafiə etmişdim. Hörmətli elm və təhsil
naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını
şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə
mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan
töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək,
gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da
bilmirəm, ancaq MÜƏLLİMin kim olduğunu və hansı dəyərə sahib olduğunu
şükürlər olsun ki, yaxşı bilirəm".
Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində
müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də
məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə
böyük ajiotaj yaradıb.
Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə
maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir. Eyni
zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana
salınıb.