Temperatur 5-8 dərəcə aşağı enəcək, bəzi yerlərə sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək
şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi
gözlənilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji
Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZXEBER.COM-a bildirib.
Onun sözlərinə görə, iyulun 16-sı əsasən səhər və axşam, 17-də
arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan
xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən
günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 17-də gündüz 22-27 dərəcə
isti olacaq.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava
şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək ölkə
ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan
xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və
Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan,
Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı,
şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı
var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28
m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından
qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.