29.09.2021
23:46
292

Təbriz stadionunda biz türkük deyib hayqıran xalqın qarşısında heç kim dura bilməz - DEPUTATDAN AÇIQLAMA

Loading...

İranın son davranışları ilə bağlı güneyli soydaşlarımızın öz etirazlarını bildirməsi cəmiyyətimizdə müsbət qarşılanır.

Güney Azərbaycan təşkilatları Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamış İran rəhbərliyinin fitnəkar siyasətini pisləyib:

"İran-fars rejiminin Azərbaycan cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq.
Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatları olaraq hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq".

Güney Azərbaycanda yaşayan soydaşlarımız isə sosial şəbəkələrdə öz etirazlarını bildirirlər. Bəs Güneydəki soydaşlarımızı daha da fəallaşdırmaq üçün nə etməli?

Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb:

“İran Azərbaycan qarşı olan riyakar siyasətini 30 ildir davam etdirir. Bir tərəfdən Azərbaycana “müsəlman qardaşım” deyir, digər tərəfdən xristian Ermənistana hər cür yardım edir. İndi İranı qəzəbləndirən odur ki, bizim ərazimizdən keçən avtobusların qarşısı kəsilir, onlar haqlı olaraq Azərbaycanın nəzarətindədir və sairə. 30 il erməni işğalı dövründə İranın Qarabağda gördüyü işlər hər kəsə məlumdur.  İranda hazırda nə şah nə də onun simvolu olan şir var. Lakin şah dövrü olanda deyilirdi ki, “şirin başı Azərbaycandır, əgər şirin başı olmasa İran məhv olar”. Amma indi İran deyir ki, “bizim quyruğumuz ilə oynamasınlar”. Görünür ki, indi İran hər şeyi şirin quyruğu səviyyəsində düşünür. Əlbəttə ki, bunu deyən Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli heç molla da deyil, İranın gizli siyasət adamlarını təbliğ edən, molla cildində olanlardan biridir.

Azərbaycan Prezidenti bu məsələlərə diplomatik əxlaqi, qonşuluq prinsiplərini gözləyərək və elə İranın bizimlə anlaşmalarının qorunması şəklində bildirdi. Ona görə də indi İranda kimlərsə ağzına nə gəlirsə danışır və danışacaq da. Lakin Azərbaycan artıq öz prinsipial mövqeyini bildirib. İndi İranı bizim mövqeyimizdən daha çox İrandakı azərbaycanlılar, onların düşüncələridir. Məlum olduğu kimi İranın Azərbaycan Respublikasına qarşı hər hansı bir zidd addımı əhali tərəfindən çox ciddi şəkildə narazılıqla qarşılanır. Ola bilsin ki, bir sıra dövlət idarələrinə bağlı olan insanlar sussun, lakin xalq susa bilməz. O xalq ki, Təbriz stadionunda “Bakı-Təbriz-Ankara, fars hara, biz hara”, “Haray, haray, biz türkük”, deyib hayqırırsa, onun qarşısında nə dura bilər? Ona görə də İranın daha çox bu məsələ narahat edir.

Əlbəttə ki, biz İranla əlaqələrimizi davam etdirməliyik, İranla bizi tarixi qonşuluq əlaqələri bağlayır. İstəmərik ki, İranın hansısa aqressiyası ilə üzləşək. Lakin eyni zamanda istəyirik ki, İran həm Güneydə yaşayan azərbaycanlılara, həm də Azərbaycan dövlətinə hörmətlə yanaşsın”.

Loading...