zəlzələ
Təbilət hadisəsi, yoxsa süni fəlakət? - “Onların imkanı olsa, İstanbulda zəlzələ törədərlər”

“Türkiyədəki zəlzələnin süni olduğunu iddia etməyə cəhalətmi deyək, yoxsa müasir elmə və texnologiyaya kor-koranə inammı, bilmirəm. Hətta belə bir fikirlər də var ki, müasir texnologiya o həddə çatıb ki, təbii hadisələri belə idarə etmək olur və s. Hər halda mənə elə gəlir ki, belə bir şeyin olduğu inandırıcı deyil və hər hansı bir ölkədə belə bir halıən baş verdiyini görməmişəm. Hətta hansısa bir ölkə belə bunu etiraf etməyib ki, onda belə bir texnologiya olsun ki, zəlzələ yaratsın”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı Türkiyədə baş verən zəlzələ ilə bağlı səsləndirilən konspiroloji teoriyalardan, habelə Türkiyə və Azərbaycan cəmiyyətində Qərbə qarşı olan inamsızlıqdan söz açarkən deyib. 

“Odur ki, bu, həm panika, həm də gündəm mövzusudur deyə, bu, ortalığa atılır ki, guya, kimsə Türkiyəyə süni müdaxilə edib və s. Əgər Türkiyəyə müdaxilə etmək istəsəydilər, Maraşı yox, Ankara, İstanbul və İzmir kimi böyük şəhərləri hədəf götürərdilər. Məncə, bu, bir az informasiyasızlıqdan qaynaqlanan bir şeydir, mən belə düşünürəm. Burada həm də medianın günahı var ki, oxunsun deyə, belə qeyri-ciddi məsələləri gündəmə gətirir, müzakirə mövzusu edir. Bəzən isə baxırsan ki, media quruluşları bunları ciddi-ciddi analiz edir”. 

T.Abbaslı bəyan edib ki, biz böyük ölkə olmadığımız üçün dünyanın ikiüzlülüyünü daha çox Türkiyə üzərindən görürük: 

“Doğrudur, biz də Qarabağ məsələsində dünyanın ikili standartlarını görmüşük, amma Türkiyə bu gün siyasi arenada yeni bir oyunçu olmaq uğrunda vuruşur və demək olar ki, oyunçuya çevrilib. Belə bir anda isə ABŞ və Avropanın Türkiyəyə qarşı mövqeyi, darbe cəhdləri, iqtisadi təxribatlar insanlarda bu kimi rəylər yarada bilər ki, ola bilsin ki, Türkiyəni bir də belə vururlar və s. Mən əminəm ki, bəlkə də onların belə bir texnologiyası olsa, onsuz da edərdilər. Lakin bu həm elmi baxımdan informasiyasızlığın yaratdığı bir məsələdir, həm də təbii ki, Qərbə qarşı olan siyasi inamsızlıqdır. Hətta belə bir anda “Charlie Hebdo” jurnalının sonuncu karikaturası bu şübhələri daha da əsaslandırdı. Ona görə də belə insanların bu kimi konspiroloji teoriyalar yaratmaları istisna edilmir”. 

Ağ Partiya başqanının fikrincə, dünyada nə qədər insan varsa, bir o qədər də fikirlər, hətta absurd görünən fikirlər də olacaq: 

“Məsələn, Türkiyədə düz dünyaçılar var. Yaxud 1978-ci ildə ABŞ-da Cim Cons adında bir təriqətçiyə inanan 900-dən çox adam kütləvi intihar edib. Yəni insan olduğu müddətcə, bu kimi müxtəlif yanaşmalar da olacaq. Çalışmaq lazımdır ki, bu yanaşmalar virus kimi milyonlara sirayət etməsin. Lakin balaca marginal qrupların daxilində bu, qalacaq. Hətta özünə professor deyən kəslər də bu barədə fikirlər yürüdəcək. Yəni insanlıq halıdır, olur. Düşünürəm ki, biz bu gün diqqətimizi belə şeylərdən daha çox hazırda oradakı hadisələrin gedişatına verməliyik”. 

07.02.2023 15:09
show 403