14.11.2020
12:44

Tarixi qələbəmiz

"Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir". Konstitusiyamızda əks olunmuş bu müddəanı Qarabağımızın azad olunduğu bu gözəl, vüsətli, şanlı günlərdə Azərbaycan bütün dünyaya sübut etməklə düşmənimizin və onların havadarlarının gələcək mənfur planlarına zəfər möhürü vurdu. Amma dünya tarixinə qızıl hərflərlə yazılan Qələbəmiz heç də asanlıqla əldə olunmadı…

Tarix göstərir ki, nəyinki Dağlıq Qarabağ, həmçinin vaxtilə Azərbaycanın tərkibinə daxil olmuş İrəvan xanlığının ərazisi də xalqımızın əzəli, əbədi torpağı olmuşdur. Dünya Ermənilərin Azərbaycana qarşı mərhələli şəkildə həyata keçirdiyi işğalçılıq siyasəti 1918-ci ildən etibarən daha da intensivləşib. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra ermənilərin və onlara arxa duranların əməlləri nəticəsində azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması siyasətinin yeni mərhələsi başlanıb. Belə ki, həmin ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra münaqişə ocağı daha da alovlanmış, beləcə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması siyasətinin yeni mərhələsi başlanmışdır. Ermənilərin və onların havadarlarının Azərbaycana qarşı təcavüzkar niyyətləri, işğalçılıq planları tarix boyu dəfələrlə ən amansız formalarda özünü göstərib. Regionda işğalçılıq siyasətini həyata keçirən ermənilər zamanla tarixi saxtalaşdırmaq, təhrif etməklə, zəbt etdikləri torpaqlarımızın tarixi adlarını dəyişdirərək vandal erməni xislətini aşkar ortaya qoyublar. Bu proses 1988-1992-ci illərdə daha da kəskinləşdi, xalqımıza qarşı böyük vəhşiliklər törədildi, qəddar etnik təmizləməyə əl atıldı, azərbaycanlılar Xocalıda dəhşətli soyqırım aktının qurbanına çevrildi. Nəticədə Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut), eləcə də ona bitişik yeddi rayonun (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Sözügedən dövrdə dövlət mexanizminin yetərincə işləməməsi, güclü nizami ordunun olmaması ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Lakin tarixin çətin sınaqlarından çıxan Azərbaycan bu gün öz müqəddəratını özü həll etmək gücündədir. Bunu bariz nümunəsi kimi 2016-cı ildə baş verən aprel döyüşlərini göstərmək kifayətdir.

Aprel döyüşlərində məğlub olan düşmənlərimiz artıq yeni münaqişə ocağı yaratmaq istəyirdilər. Belə ki, ermənilər 12 iyul 2020-ci il tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu ərazisi boyunca təxribatlar törədərək, ağır silahlarla hücumlar edirdilər. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavab verdi.

Ermənistan Azərbaycana qarşı təcavüzkar niyyətindən daşınmırdı. Törətdikləri təxribatların qarşısı yüksək səviyyədə alınsa da, düşmən yeni ərazi iddiaları ilə müharibə törətmək istəyirdi. Bu məqsədlə sentyabrın 27-də Azərbaycana qarşı irimiqyaslı hücum həyata keçirdi. Dinc sakinləri hədəfə alan faşistlər yenə də öz mənfur niyyətlərini büruzə verdilər.

Beləliklə II Qarabağ müharibəsi baş verdi. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında hamılıqla sıx şəkildə, sarsılmaz əzmlə səfərbər oldu və düşmənə layiqli cavab verildi. Beynəlxalq səviyyədə Azərbaycana böyük təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan, Ulu öndər Heydər Əliyevin layiqli varisi, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusunun yüksək əks-hücumları erməni ordusunu darmadağın etmiş mənfur düşməni ağır məğlubiyyətə uğratdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qlobal məsələ kimi dünyanın mötəbər qurumlarının, güc dövlətlərinin daim diqqət mərkəzində olmuşdur. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələr qəbul etdi. Lakin dünyanın mötəbər qurumları problemlə ikili standart mövqeyindən yanaşdılar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu da problemin həllində təsir imkanlarını həyata keçirə bilmədi.

Lakin Ali Baş Komandan rəhbərliyi ilə müzəffər ordumuz düşmənə ağır zərbə vurdu və status-kvonu dəyişdi: “Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Beləliklə, rəşadətli Azərbaycan ordusu öz torpaqlarını düşməndən azad etməklə, həm də beynəlxalq hüququn icrasını təmin etmiş oldu. İşğalçıları böyük məğlubiyyətə uğratdıqdan sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bununla da Azərbaycan xalqı öz qədim və şərəfli tarixinin ən parlaq səhifələrini yazmışdır. Müqəddəs Qarabağ torpaqları erməni faşistlərinin işğalından azad edilmişdir. 30 ilə yaxındır ki, dövlətimiz və xalqımız məhz bu nəcib məqsəd naminə yaşayır və çalışırdı.

Azadlıq Günəşinin parladığı doğma və əziz Qarabağ torpaqlarında indi bizim dövlət bayraqlarımız dalğalanır. Bu şanlı zəfər hər birimizin qəlbində qanuni iftixar hissi doğurur, ürəyimizi riqqətə gətirir!

İndiki böyük tarixi qələbənin əsas səbəblərindən biri müharibə zamanı ölkəmizdə hökm sürün yekdillik, qarşılıqlı dəstək, həmrəylik olmuşdur. Azərbaycan xalqı ilk günlərdən öz Prezidentinin ətrafında sıx birləşmiş, ordumuza arxa olmuş, ona güvənmişdir. Azərbaycan vətəndaşları bu nəcib müqəddəs uğrunda bir yumruq kimi birləşmişlər. Qüdrətli ordumuzun misilsiz döyüş məharəti, şəhərlərimizin, kəndlərimizin sürətlə azad edilməsi dünyanı heyrətə salmışdır. Beynəlxalq aləmə aydın oldu ki, Azərbaycanın dahi rəhbəri, güclü dövləti, yenilməz ordusu, vətənpərvər xalqı vardır. Ölkə başçısı möhtərəm cənab İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasəti nəticəsində Azərbaycan ordusu ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına gətirilmişdir. Ölkəmizin güclü iqtisadiyyatı müharibənin ehtiyaclarını tam təmin etməyə qadir olmuşdur. Məhz sürətli iqtisadi inkişaf qələbənin əsasını təşkil etmişdir.

Müharibə dövründə ölkəmizdə aparılan yüksək təbliğat-təşviqat işləri də öz səmərəsini göstərmişdir. Ali Baş Komandan, möhtərəm cənab İlham Əliyevin hər bir çıxışı, müsahibələri ordumuza, xalqımıza misilsiz ruh yüksəkliyi bəxş etmişdir. Ana vətənə hədsiz məhəbbət, qayğı, düşmənə dərin nifrət hissi ilə dolu olan bu çıxışların hər biri mühüm tarixi əhəmiyyətə malik ən dəyərli, qiymətli dövlət sənədləridir.

Bizim üçün bu müharibə müqəddəs, ədalətli müharibədir. Çünki biz öz doğma yerimizi-yurdumuzu, ata-baba torpaqlarımızı azad etmiş, beynəlxalq aləmdə bir xalq kimi öz varlığımızı, mənəviyyatımızı, izzəti-nəfisimizi nümayiş etdirmişik. Kimliyimizi, şəxsiyyətimizi hərb meydanında cəsarətlə, məharətlə təsdiq etmişik. Biz dünyaya sübut etdik ki, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini istəməyimiz məhz bizim sülhsevər, insanpərvər, xeyirxah xalq olmağımızdan irəli gəlirdi! Biz münaqişəni məhz bu cür – hərb yolu ilə də həll etməyi bacarırıq! Lakin qan tökülməsini, insanların əbəs yerə ölməsini istəmirdik. Bizi bu yola erməni təcavüzkarları özləri məcbur etdilər və haqlı cəzalarını da aldılar. Azərbaycanda məsəl var: “Qisas qiyamətə qalmaz!”, “Düz əyrini kəsər”.

Təbiidir ki, müharibədə itkilər də olur. Qələbə qurbansız başa gəlmir. Bu döyüşlərdə şəhidlər də vermişik. Neçə-neçə igid Azərbaycan əsgəri, zabiti Vətən uğrunda canından keçmişdir. Bu cür vətənpərvər, igid, namuslu vətən oğulları içərisində ədliyyə işçiləri də olmuşdur. Onlardan biri Xəlilov Ruhin Müzəffər oğlu doğma torpaqların düşməndən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların qəbri nurla dolsun! Şair haqlı deyir:

Vətən yolunda ölüm mərd üçün səadətdir!

Qarabağ müharibəsində qalib çıxan xalqımız indi daha böyük uğurlar qazanmaq əzmi ilə yaşayır və çalışır. Xalqımız dövlətimizin ətrafında sıx birləşmişdir. Bu birlik doğma Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır. Həyat göstərdi ki, dinc şəraitdə də, pandemiya şəraitində də, müharibə şəraitində də ölkəmizi məharətlə idarə edə bilə dahi rəhbərimiz vardır. Biz hamımız möhtərəm cənab Prezident İlham Əliyevlə fəxr edir və onun rəhbərliyi altında yeni nailiyyətlər qazanmaq ruhunda yaşayır və çalışırıq.

Qarabağda qazanılan şanlı qələbə münasibətilə xalqımızı bir daha ürəkdən təbrik edirik. Qələbən mübarək doğma diyarım! Yaşa, yaşa Azərbaycanım!


3 saylı Bakı “ASAN Xidmət” mərkəzində


Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin


rəisi vəzifəsini icra edən Gültən Abdullayeva


Loading...