66dd715f6479a202409244151

Karate müəllimi qız tələbələrini əxlaqsız videoya baxmağa məcbur edibmiş

Bakının Yasamal rayonu ərazisində yerləşən "İnci" tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) əxlaqsız videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib.

Xatırladaq ki, ötən gün T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə əxlaqsızlıq etmə) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

***

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

Qlobal.net Report-a istinadən xəbər verir ki, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub.

Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.

10.09.2024 17:09
show 552