Türkiyədə fevralın 6-da baş verən zəlzələ bəzi kəndləri demək olar ki, tamamilə yerlə-yeksan edib. Bunlardan biri də yeraltı təkanların episentri olan Pazarcık rayonunun (Kahramanmaraş) Ördekdede kəndidir.
Zəlzələdə yaxınlarını itirənlər və dağıntılar altından xilas edilənlər həmin anları göz yaşları içində danışıblar.
“Balalarımı itirdim, hamısını itirdim. Çaşqınam, altı övladımı, nəvələrimi, oğlumu itirdim”, - deyə kənd sakinlərindən Türkan Merter hönkürərək danışıb.
86 yaşlı Abdi baba isə ailəsinin 7 üzvünü itirib.
“Ölsəm bundan yaxşı idi, ölmədim, nə edim, uşaqlarımın yaşadığı evlərin ikisi də yerlə-yeksan olub”, - deyə kişi bildirib.
Hatice Ünal isə dağıntılar altında oğlu ilə birlikdə qalıb.
“Beton gəldi, üçbucaq şəklində dayandı. Həyat yoldaşım qaranlıqda məni saçımdan tapdı və torpağın altından çəkərək xilas etdi”, - deyə qadın bildirib.
Məlumata görə, kənddə ümumilikdə 33 nəfər həlak olub. Ərazidə AFAD-ın koordinasiyası ilə çadırlar qurulub və vətəndaşların ehtiyacları ödənilir.