Talıbovların nəhəng sərvəti üzə çıxdı... – 270 milyonluq varidat
“Türkiyəli
biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MR)
böyük sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il
idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu
üzə çıxarıb”.
Qlobal.net “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bu barədə Beynəlxalq
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika
Layihəsi (OCCRP) yaydığı araşdırmada bildirilir.
Araşdırmaya
görə, Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və
mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın “Accor” şirkətilə
birgə idarə etdiyi üç otel də bu sıradadır.
OCCRP
Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin
Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd
edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr
də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları
əldə edib.
Araşdırmada
deyilir ki, Gürcüstan paytaxtı Tiflisidə opera binası yaxınlığındakı
“Dinehall” restoranı, Fransanın “Accor” şirkəti ilə birlikdə tikilən
beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. “Accor”dan OCCRP-yə
bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda
onunla əlaqələrə yenidən baxılır.
OCCRP
hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını
aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına
baxmayaraq, vəzifədə olduğu dövrdə sərvət yığdığını üzə çıxarıblar.
Araşdırmaçı
jurnalistlər Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri
tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”,
Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci
illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.
Hazırda
“Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa
verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub.
Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.
İnsan
haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr
də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq
şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri
Talıbovlardan alırdı.
Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.
Rza
suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu
kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda
ziddiyyətli açıqlamalar səsləndiriblər.
Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”.
“Maqro”
və Uçarın vəkili isə bildirib ki, onlar iddianı birmənalı təkzib
edirlər. Uçarın vəkili onun nə keçmişdə, nə də indi özündən başqa
kimsənin biznesi üçün saxta təmsilçilik etdiyini, həmişə qanuni
davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn
faizlərdən qaynaqlandığını vurğulayıb.
Ancaq
OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə
verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın
Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin
iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu
dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar
təmsilçi kimi satış sənədlərini imzalayır.
“Maqro”dan
OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və
belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə
təbiidir.
İki
il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi”
beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri
kimi mərasimdə qırmızı lenti kəsir.Talibov istefa verdiyi ərəfədə isə
Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.
“Transparency
International” təşkilatının antikorrupsiya eksperti Sandro Kevxişvili
deyir ki, Azərbaycanda potensial korrupsiya ilə yığılan pulun
investisiyası Gürcüstan üçün korrupsiya riski yaradır.
“Sərvətini
korrupsiya ilə yığan şəxs bu pulu sərmayə qoyduğu ölkədə də eyni
metodlara əl atacaq – özəlliklə də güclü antikorrupsiya mexanizmləri, bu
riskləri azaldacaq qərarvermə sistemi olmayan bir ölkədə”, – ekspert
vurğulayıb.
Bir
il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur
Talıbov qardaşları “Credit Suisse”, “Barclays" və digər xarici banklarda
müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında
Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri
vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.