22.09.2020
14:57

Taksilərlə bağlı qaydalara dəyişiklik edildi

Nəqliyyat, Rabitə bə Yüksək Texnologiyalar Nazirliynin Kollegiyası, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təklifinə əsasən "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası"na dəyişiklik edib. 

Dəyişikliyə əsasən, qərarda "və Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC-də" sözləri "Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC-də, eyni zamanda "Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə" sözləri "Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində" sözləri ilə əvəz edilib. 

Xüsusi hazırlıq bu Qaydaya əlavə olunan proqram əsasında aparılır. Dəyişikliyə əsasən xüsusi hazırlıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində keçirilir.  
 
Məlumat üçün bildirək ki, bu Qayda, taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi qaydalarını müəyyən edir. 

Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlıq mühazirələr, praktiki məşğələlər və yekun qiymətləndirmədən ibarətdir. Xüsusi hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir.  

Proqramda Azərbaycan Respublikasının  müvafiq Qanununa, Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq, taksi minik avtomobili ilə sərnişin daşımalarına dair xüsusi müddəalara, o cümlədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin daşınma qaydalarına, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalara, habelə həmin daşımalara aid yol hərəkəti qaydalarını özündə əks etdirən materiallara istinad edilir. 

Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, taksi minik  avtomobilində tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar verilir. 

Xüsusi hazırlıq zamanı taksi sürücülərinə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər öyrədilir, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilir. Proqramla müəyyən edilmiş məşğələlər tərtib edilmiş jurnal üzrə aparılır. Xüsusi hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırılmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramının yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi şifahi sual-cavab formasında qiymətləndirilir.

Loading...