taksi
Taksilərin qiyməti bahalaşdı - İyulun 1-dən sonra...

Taksi sahəsində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqinə az müddət qalmış bir çox şirkətlərin gedişhaqlarını artırması müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə bəzi istifadəçilər şikayət postları yazıblar. Onlar qiymətlərin əvvəlkilərə nisbətən 25-30 faiz daha yüksək olduğunu iddia ediblər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, taksi xidmətində qiymət artımı gözlənilən idi: “Təbii ki, bu proses gözlənilən idi. Bildiyiniz kimi, tətbiq olunan məhdudiyyətlər xeyli nəqliyyat vasitələrinin Azərbaycana idxalı ilə bağlı problemlər yaradıb. Söhbət avtomobil şirkətlərinin idxal etdiyi avtomobil nəqliyyat vasitələrindən gedir. Burada tələb olunan qaydalara uyğun olaraq, taksi qırmızı və ya ağ rəngdə olmalıdır. Eyni zamanda taksilərin buraxılış ili ilə bağlı tələblər də var. Yəqin ki, ili təzə olan nəqliyyat vasitəsi alındıqca, onun qiyməti daha baha olur. Bu da şirkətlərin maliyyə durumunda proqnozlaşdırılan risklər kimi qəbul olunur. Yəni hər bir şirkətin maliyyə menecerləri bu istiqamətdə araşdırmalar aparırlar”. 

Ekspert yeni qaydaların taksi şirkətlərini bu addımlara sövq etdiyini qeyd edib: “Görünən odur ki, yeni qaydalar şirkətlərin bazardakı maliyyə durumuna ciddi təsir edəcək. Bu baxımdan onlar hətta qəbul edilmiş qanunların tətbiq olunmasına baxmayaraq, indidən bu istiqamətdə addımlar atırlar. Bu da təbii olaraq bazar qaydalarında nəzərdə tutulan haldır. Əgər tənzimlənən qiymətlər xidmətlər zərfində olsaydı və Tarif Şurası tərəfindən tənzimlənsəydi, o zaman məsələni müzakirə etmək olardı. Bu dövlət tərəfindən tənzimlənmirsə, qiymət artımının qarşısını almaq mümkün deyil”. 



04.06.2024 07:00
show 197