6386fb651a274202211224245
“Sümüyüm ağırdır" deyənlər mütləq oxusun! - Buna əməl etməsəniz, nəticəsi DƏHŞƏTLİ OLACAQ

Bəzi hallarda çəkisi normadan çox olan şəxslər “sümüyüm ağırdır” yanaşması ilə tərəzidə görünən rəqəmlərə əhəmiyyət vermirlər.

Yəni onlar bir növ artıq kiloya “bəraət” qazandırırlar. Maraqlıdır, “sümük ağırlığı” çəkidə nə dərəcədə rol oynayır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “sümük ağırlığı” ifadəsinin düzgün olduğunu, bu baxımdan insanların fərqli şəkildə çəki verməli olduqlarını deyib: “Genetik olaraq hər insanın əzələsi, skelet quruluşu, vücud ölçüsü fərqlidir. Ona görə də bir çox hallarda boya, yaşa görə olan çəki standartı hər kəsə şamil edilməli deyil. Məsələn, 50 kq iki insanı yan-yana qoysaq, görüntülər çox fərqli ola bilər. Onlardan biri kilolu, digəri isə normal çəkidə görünə bilər. Bu baxımdan “sümüyüm ağırdır” yanaşması ilə razıyam. Lakin bu,  o demək deyil ki, pəhrizdə olarkən sadəcə bu faktoru nəzərə almaq lazımdır. Çünki sümük ağırlığına görə yağ, əzələ kütləsi fərqli olmalıdır. Sümüklərin ağırlığını nəzərə almadan çəki verdikdə bir çox hallarda böyük problemlər yaranır. Hər bir orqanizmin vücud enerjisini təmin edən normal çəkisi olmalıdır. Buna görə hər bir halda çəkidən öncə sağlam həyat tərzinə diqqət yetirməliyik. Belə ki, gündəlik sağlam qidalar qəbul etməli, normal yuxu rejiminə önəm verməliyik. Yalnız bu halda orqanizm sağlam ola bilər”.

M.Hüseynova insanların dietada olan zaman sümük əriməsi faktorunu diqqətdə saxlamalı olduqlarını da qeyd edib:

“Bəzən çəki vermək üçün monoton dietlərə üz tuturlar və beləliklə sümük əriməsi də baş verir.  Bəzən insanlar düşünür ki, onlar kilo verdikdə sümüklərdə dəyişiklik olmur. Lakin 25 yaşdan yuxarı insanlarda artıq sümük əriməsi, kalsium azalması baş verir. Buna görə vitamin və mineral balansını təmin edəcək şəkildə qidalanmaq lazımdır və bu məsələyə xüsusilə qadınlar diqqət etməlidir. Çünki qadınlarda sümük əriməsi kişilərə nisbətdə 4 dəfə daha sürətli gedir. Bundan əlavə, qadınlar daha çox dieta saxladıqları üçün sümük əriməsi problemi ilə qarşılaşırlar. Bu baxımdan sağlamlıq hər zaman öndə gəlməlidir. Əgər bir orqanizm sağlamdırsa, insanın xarici görünüşü də gözəl olur, dərisi də, saçları da...”.

30.11.2022 10:40
show 367