Sumqayıtda qız bıçaqladığı oğlanla nişanlandı - FİLM KİMİ OLAY
Sumqayıtda sevdiyi oğlanı qısqanclıq zəminində bıçaqlayan qız onunla nişanlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə 18 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində baş verib.
Səma Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində fərdi yaşayış
evində anası ilə birlikdə yaşayıb. 5 il sevgi münasibətində olduğu Gəray
onu Quba rayonuna istirahətə aparacağına söz verib. Lakin oğlan 15 iyul
2022-ci il tarixdə Qubadan olan tələbə yoldaşları ilə istirahətə gedib.
Bu isə Səmanın xoşuna gəlməyib və qısqanclığına səbəb olub.
Gəray Qubadan qayıtdıqdan sonra Səmanının evinə gedib və aralarında
mübahisə yaranıb. Bu vaxt qız yaşadığı evin mətbəxindən götürdüyü
bıçaqla Gərayın kürəyinin sol tərəfindən bir zərbə vurub. Oğlanın
kürəyindən qan axdığını və bıçağın batdığı yerdə asılı vəziyyətdə
qaldığını görən Səmanın ürəyi gedib. Oğlan bıçağı kürəyindən özü
çıxararaq, Səmanın üzərinə su tökərək ayıldıb.
Gəray Səma və onun anası ilə birlikdə Sumqayıt şəhər təcili tibbi
yardım xəstəxanasına gedib və yarasına tikiş qoyulub. Xəstəxanaya qəbul
olunan zaman Səmanın onu bıçaqlamasını bildirməmək üçün həkimlərə
Sumqayıt şəhəri, Qurd dərəsi massivində, 2-ci dayanacaqda yerləşən
"Hüseyn” marketin yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanaraq
xəsarət aldığını bildirib. Amma aparılan araşdırma zamanı onun Səma
tərəfindən bıçaqlandığı məlum olub.
Hadisədən sonra Gəray və Səma nişanlanıblar.
Məhkəmə Səmanı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə
tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və Cinayət
Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 3 il müddətinə
azadlığın məhdudlaşdırılması cəzası təyin edib.