paşinyan
05.10.2022
10:11
141

“Sülh müqaviləsi 1 aya imzalanacaq...” - Sensasion iddia

Erməni mediası da İrəvana ayrılan vaxt limitinin bitmək üzrə olduğunu yazıb; azərbaycanlı politoloq: "Zəngəzur dəhlizi öz aktuallığını itirəcək, əgər..."

Azərbaycan və Ermənistan XİN başçıları arasında daha bir görüş reallaşdı. Cenevrədə baş tutan budəfəki təmasın ən mühüm özəlliyi şübhəsiz ki, tərəflərin ilk dəfə konkret sülh müqaviləsinin mətni ətrafında müzakirələr aparması idi. Doğrudur, təfərrüat barədə məlumat verilmədi. Bu da anlaşılandır, çünki danışıqlar ilkin və olduqca həssas mərhələdədir.

Ancaq bir şeyi əminliklə söyləmək mümkündür ki, Azərbaycan sülh danışıqlarının özünün irəli sürdüyü 5 məlum prinsipdən kənar aparılmasına heç vaxt imkan verməyəcək. Həmin prinsipləri yada salmaq yerinə düşər:

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Göründüyü kimi, Bakının sülh şərtləri bütünlüklə beynəlxalq hüquqa söykənir. Yəni İrəvanın obrazlı ifadə eləsək, "burcutmağa" yeri yoxdur. Demək, bu prinsiplərdən hər hansı birinə etiraz avtomatik şəkildə beynəlxalq hüquqa sayğısızlıq və ölkəmizə qarşı ərazi iddiasının davam eləməsi kimi qəbul olunacaq.

*****

"Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim edib".

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, oktyabrın 3-də Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. Nazir Ermənistan xarici işlər naziri ilə görüşünün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. "Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementləri Ermənistan tərəfinə təqdim olunub", - deyə məlumatda qeyd olunub.

Maraqlıdır ki, məhz bu arada baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu "Haykakan Jamanak" qəzeti özünün "etibarlı mənbəyinə" istinadən yazıb ki, Azərbaycan Ermənistan qarşısında 5 əsas tələb qoyub.

"Bakı danışıqlar zamanı "Dağlıq Qarabağ ordusu"nun buraxılmasını, Dağlıq Qarabağa heç bir muxtariyyət verilmədən Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb edir, yəni sıfır statusla; Ermənistan ərazisindən keçən dəhliz tələb edir; 1919, 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesi (hansı konkret xəritədən söhbət getdiyi hələ məlum deyil); Bakı həmçinin tələb edir ki, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilsin. Yəqin ki, Ermənistanı sonradan hərbi cinayətlərdə suçlamaq üçün", - nəşr qeyd edib.

Yada salaq ki, az öncə erməni teleqram kanallarından birinin dərc etdiyi məlumata görə, biri Brüssel, digəri isə Moskva tərəfindən təqdim olunmuş iki sülh sazişi layihəsi var. "Brüssel" variantında Qarabağla bağlı heç nə deyilmir, Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyaların, o cümlədən Naxçıvana gedən avtomobil və dəmir yollarının açılmasından bəhs edilir. 

[Nazirlərin kritik Cenevrə görüşü - Masada sülh sazişinin "Moskva", yoxsa " Brüssel" variantıdır?]

Rusiyanın təqdim etdiyi variantda isə Qarabağdan bəhs edilsə də, bu məsələyə daha sonra, regionda "davamlı sülh" əldə olunanda baxıla biləcəyi vurğulanır. Həmçinin sülh müqaviləsinin "Moskva" variantında Azərbaycanın materik hissəsi ilə anklav Naxçıvan arasında Rusiya sərhədçilərinin nəzarəti altında hərəkətin təmin edilməsi öz əksini tapsa da, sərhəddə gömrük nəzarətindən istifadə məsələsi açıq qalır...

*****

"İndi hər şey Ermənistan və Azərbaycandan asılıdır - sülh istəsələr də, istəməsələr də. Hər iki tərəf güzəştə gedib razılığa gələ bilər, amma Ermənistanın daxilində də, xaricdə də bunu istəməyən qüvvələr var".

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"ın məlumatına görə, bunu politoloq Zərdüşt Əlizadə Minval.az-a müsahibəsində bildirib. 

Onun sözlərinə görə, 27 il Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan Ermənistanın beynəlxalq təşkilatlardan Azərbaycana təsir göstərməsini tələb etməyə mənəvi haqqı yoxdur: "Onlar üçün yeganə düzgün həll yolu Azərbaycanın ərazi bütövlüyünün sovet sərhədləri çərçivəsində tanımaqdır. Başqa heç nə istəyə bilməzlər".

Ermənistanın öz hərbi büdcəsini 1 milyard dollara çatdırmaq planlarına toxunan ekspert bildirib ki, Azərbaycanın müdafiə sektoruna yatırdığı 4 milyard dollarla 1 milyard dollar belə müqayisə oluna bilməz. "Ordu bir il ərzində deyil, ən azı iki-üç il ərzində qurulur. Kasıb Ermənistanın müdafiəyə bu qədər böyük pul xərcləməsinin nə mənası var? Onlar üçün anlaşmaya nail olmaq daha asandır. İrəvan başa düşməlidir ki, Ermənistan və Azərbaycanın imzalamalı olduğu sülh müqaviləsi bütün qonşu ölkələr arasında imzalanan standart sənəddir. Bütün ölkələr arasında belə standart saziş mövcuddur. Orada tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birinin suverenliyinə hörmət edir, yalnız bunun əsasında daha sonra iqtisadi və digər sazişlər imzalanır. Bu müqavilə bir ay ərzində imzalana bilər", - deyə o vurğulayıb.

Zəngəzur dəhlizinə gəlincə, Əlizadənin qənaətincə, ölkələr arasında normal münasibətlər olarsa, dəhliz məsələsi aktuallığını itirəcək: "İki qonşu ölkə bu problemi etimad və qarşılıqlı hörmət əsasında həll etməyin yolunu tapacaq. Hər şey tərəflərin siyasi iradəsindən asılıdır".

Politoloq hesab edir ki, imzalanacaq sülh müqaviləsi Ermənistanın müstəqillik bəyannaməsini sıfırlayacaq, harada ki, Qarabağın Ermənistana "birlışdirilməsi" əksini tapıb.

*****

Öz növbəsində Ermənistanın "Past" qəzeti dünənki sayında öz mənbələrinə istinadən iddia edib ki, Bakı və İrəvan noyabrın birinci ongünlüyündə Brüsseldə saziş imzalayacaq.

Nəşrin yazdığına görə, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana son səfəri zamanı erməni tərəfinə oktyabrın sonunadək sülh müqaviləsinin yekun mətnini yekunlaşdırmağı tövsiyə edib. O da bildirilir ki, Moskva müqavilənin imzalanmasına artıq yaşıl işıq yandırıb.

Bu iddialarda həqiqət payının nə qədər olduğu yəqin ki, uzağı, 1 aya bəlli olacaq...