Süfrəmizdəki real təhlükə - Bu meyvə quruları "təkər yanığı" ilə hazırlanır?
İnsan orqanizminə minbir faydası ilə bilinən quru meyvələr bəzən göründükləri qədər saf qida növü olmaya bilir.Bəzi
hallarda meyvə quruları, xüsusən də qara rəngli olan gavalı və kişmiş
çərəzləri əldə rəng buraxır. Bu da onun təbii rənginin qara olmamasından
xəbər verir. Bunu biz yox, həm də ekspertlər deyirlər.
Hətta
iddialar arasında bu da var ki, qara rəngli meyvə qurularını hazırlamaq
üçün təkər yandırıb meyvə qurusunu “hisə verirlər”.
Məsələni daha
yaxşı araşdırmaq üçün mütəxəssisə müraciət etdik. Qida məsələləri üzrə
ekspert Məhsəti Hüseynova BAKU.WS-ə açıqlamasında bildirdi ki, qara
kişmişi və ya gavalını aldıqda rəngi həddindən artıq çıxırsa bu onun
tərkibində yimyəvi qatqı olduğundan xəbər verir: “Qurudulmuş
meyvələrin faydalarından yararlanmaq üçün mütləq şəkildə keyfiyyətli
qurudulmuş meyvələrdən istifadə etmək lazımdır. Çünki bir çox hallarda
bu məhsulları sənaye üsulu ilə qurudurlar ki onlar yumuşaq qalsın,
rəngləri pozulmasın, uzun müddət zərərvericilərin ziyanına uğramasın.
Həmçinin
bunun üçün onlara müəyyən qatqı maddələri də əlavə edilir. Belə olan
halda həmin meyvə quruları daha səliqəli və daha parıltılı görünür.
Lakin onları qəbul etdikdə daha acılıq hiss olunur. Bəzən də olur ki,
həmin meyvəyə xas olan spesifik dadı hiss etmək olmur. Bəzi növ quru
meyvələrin daha parlaq olması üçün xüsusilə kükürd deosiddən və E220-dən
istifadə edirlər. Bu zaman da həmin meyvələr artıq qəbul edildikdə
insan orqanizmində bir sıra fəsadlar yaranır, həzm sistemi pozulur,
mədədə turşuluq artır. Bəzən quru meyvələrin daha qara olması üçün
qliserindən də istifadə olunur. Belə hallara rast gəlinir. Gavalı və
üzümü qaynadıb qurutduqda da rəngi qarala bilir. Keyfiyyətlisini seçmək
üçün bunları etməli:
Əgər qara meyvə quruları seçilirsə qara, rəngi
çox parlaq olmayan, üzərində ağ xırda-xırda ləkələri olanlara üstünlük
vermək lazımdır.
Tövsiyə edilir ki, alınan quru meyvələr ilıq su ilə
yuyulsun. Bəzən açıq şəkildə satılan quru meyvələr həm də fiziki
çirklənməyə məruz qalırlar. Bunlara da diqqət olunmalıdır. Xüsusilə qara
kişmiş və gavalı qurusunda acılıq varsa ondan imtina edilməlidir. Bu
tərkibində kimyəvi maddələrin çoxluğundan xəbər verir. Elə sarı rəngli
meyvə quruları da təbii quruma zamanı rəngini itirir. Əgər meyvə qurusu
həddindən artıq narıncıdırsa burada da kimyəvi maddələrdən istifadə
edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyindən isə BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki,
agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və
tənzimləməni həyata keçirir: "Ölkədə istehsal olunan və ölkəyə
idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı
nəzarət tədbirləri həyata keçirilir.Məhsullar gömrük ərazisinə daxil
olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan
keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri
tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir.
Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı
konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən
plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullar laborator
müayinələrə cəlb olunur.
Agentlik tərəfindən keçirilən yoxlama
nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması
halları aşkarlandığı təqdirdə, qanuna müvafiq tədbirlər görülür. Əgər
vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı hər hansı şübhə
olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə
zəng edib məlumat verə bilərlər.