Çiy yumurta faydalıdır?

Stereotipləri sındıran həqiqətlər: Çiy yumurta, doğurdan da, faydalıdır?

Əminik ki, siz də bir çox dəfə eşitmisiniz – bəziləri çiy yumurtanın bişmiş yumurtadan daha sağlam olduğunu deyir. Xüsusilə bədən inkişafı ilə məşğul olanlara tez-tez tövsiyə olunur, hətta "Səsimi gözəlləşdirmək üçün çiy yumurta içirəm" deyən məşhurlar belə olur.

Bəs bu həqiqətən doğrudurmu? Çiy yumurta yemək doğrudan da faydalıdırmı?

Gəlin birlikdə araşdıraq.

Əvvəlcə bu sualı aydınlaşdıraq: Çiy yumurtanın qida dəyəri bişmiş yumurtadan daha çoxdurmu?

Yumurtanın faydaları saysızdır – bunu uşaqlıqdan bəri bilirik.

Cəmi bir ədəd yumurtada 3 qram zülal, A, B2, B5, B12 və E vitaminləri, beynimizin sağlamlığı üçün vacib olan kolin, göz sağlamlığı üçün önəmli olan və adı bizə tanış olmasa da, təsiri böyük olan lutein və zeaksantin kimi antioksidantlar başda olmaqla bir çox faydalı maddə mövcuddur.

Amma sual budur: Çiy yumurta ilə bişmiş yumurta arasında bu faydalı maddələr və ümumi qida dəyəri baxımından ciddi fərq varmı? Hansı daha ağıllı seçimdir?

Əvvəla onu deyək ki, yumurtanı bişirmək bəzi faydalı maddələrin miqdarını azalda bilər – bu, bir çoxumuzun bildiyi bir şeydir. Amma aparılan çoxsaylı araşdırmalara görə, çiy və bişmiş yumurta arasındakı qida dəyəri fərqi nəzərəçarpacaq qədər deyil.

Dünya miqyasında tanınan diyetoloq Tara Gidus deyir: "Yumurta ən vacib zülal mənbələrindən biridir və beyin, immunitet və sinir sistemi üçün olduqca faydalıdır. Bişmiş halda da bu faydalardan yararlanmaq mümkündür."

Qısası, qida dəyərinə baxdıqda böyük fərq yoxdur. Amma məsələni “qidalanma” baxımından dəyərləndirsək, bişmiş yumurta üstünlük qazanır. Niyəsini izah edək: Araşdırmalar göstərir ki, bədənimiz çiy yumurtadakı zülalın yalnız 50%-ni mənimsəyə bilir, halbuki bişmiş yumurtadakı zülalın 90%-ə qədərini həzm edə bilir.

Dünyaca tanınmış qidalanma mütəxəssisi Heather Mangieri də əlavə edir: “Daha bir məsələ biotinlə bağlıdır. Yumurtadakı əsas zülal mənbələrindən biri avidindir. Avidin, yumurta tam bişmədikdə və ya çiy yeyildikdə biotinlə birləşərək onun bədən tərəfindən sorulmasına mane olur. Bu zülaldan faydalanmaq üçün yumurta mütləq tam şəkildə bişirilməlidir.”

Başqa sözlə, çiy yumurta həm həzm sistemini çətinləşdirir, həm də bədənin qəbul edə biləcəyi protein və vitamin miqdarını azaldır.

Sağlamlıq məsələsi zarafat deyil: Çiy yumurtanın zərərləri ola bilərmi?

Gəlin bir də məsələni sağlamlıq baxımından araşdıraq. Çiy yumurta yeməyin sağlamlığımıza zərəri ola bilərmi?

Bildiyimiz kimi, yumurta bakteriyalara qarşı çox həssasdır. Xüsusilə də salmonella bakteriyası – bu bakteri yumurtanın qabığından içinə asanlıqla keçə bilir. Salmonella qida zəhərlənməsindən tutmuş daha ciddi sağlamlıq problemlərinə qədər müxtəlif fəsadlara səbəb ola bilər.

Diyetoloq Lauren Antonucci bu barədə belə deyir: “Çiy və ya az bişmiş yumurta yeməyin əsas riski salmonelladır. Bu bakteri yemək zəhərlənməsi, qarın ağrısı, ishal, ürəkbulanma, qızdırma və baş ağrısı kimi simptomlara səbəb ola bilər. Bu əlamətlər 6-58 saat ərzində ortaya çıxır və 7 günə qədər davam edə bilər.”

Antonucci bu riski tamamilə aradan qaldırmaq üçün yumurtanın yaxşıca bişirilməli olduğunu bildirir və əlavə edir: “Pişirmə zamanı istilik bakteriyanın yaşaya bilməyəcəyi səviyyəyə çatır və risk ortadan qalxır.”

Çiy yumurta bişmiş yumurtadan daha sağlam deyil

Çiy və bişmiş yumurta arasında qida dəyəri baxımından böyük fərq olmasa da, qidalanma və faydanın mənimsənilməsi baxımından bişmiş yumurta daha üstündür.

Həmçinin, çiy yumurtanın başlıca olaraq salmonella olmaqla bir çox bakteriyaya daha açıq olduğunu, xüsusilə yumurtanı qırarkən qabıqdan içinə bakteriyanın keçə biləcəyini də öyrəndik.

Beləliklə, bu müqayisənin qalibi açıq fərqlə bişmiş yumurta oldu!

Qidalanma mütəxəssisi Mangieri də sonda belə deyir: “Çiy yumurta yeməyin xüsusi bir gücü yoxdur, heç kimin rasionuna əlavə fayda qazandırmaz. Çiy yumurtanın 100% zərərsiz olduğunu isə heç kim deyə bilməz. Ona görə mən çiy yumurtadan uzaq durmağı tövsiyə edirəm.”

Nə deyək, siz siz olun, sadəcə faydalıdır deyə, bədən inkişafı və ya səs gözəlliyi naminə çiy yumurta içməyə başlamayın. Əgər bunu etməkdə israrlısınızsa, əvvəlcə mütləq həkiminizə, dietoloqunuza və ya qidalanma mütəxəssisinə müraciət edin. Sağlamlıq zarafat mövzusu deyil, riski gözə almağa dəyməz.

Fidan
Qlobal.net

22.04.2025 12:53
show 59