Rus alim İlya İvanoviç İvanov 1900-cü illərin əvvəlində Rusiyada yarış atları üçün süni mayalanma fermaları qurmuş və atlar və digər heyvanlar üzərində apardığı tədqiqatlarla süni mayalanma sahəsində mühüm uğurlar əldə etmiş görkəmli bir bioloq idi. İvanov həmçinin zebra ilə eşşək, siçan ilə siçovul, siçovul ilə dovşan, antilop ilə inək kimi müxtəlif heyvan növlərinin süni mayalanma yolu ilə çarpazlaşdırılması işində öncülük etmişdi.
Qlobal.net bildirir ki, o dövrdə təsəvvür gücünün sərhədi olmayan bioloq kimi tanınırdı. Hətta 1910-cu ildə Avstriyanın Qrats şəhərində keçirilən 7-ci dünya zooloqlar konqresində insan-meymun hibrid növünün süni mayalanma yolu ilə yaradılmasının mümkün olduğunu iddia edərək elm dünyasını təəccübləndirmişdi.
I Dünya Müharibəsi zamanı Rusiyada baş verən Bolşevik İnqilabından sonra fəaliyyətini Fransadakı Pasteur İnstitutunda davam etdirən İvanov, 1920-ci illərin əvvəlində Qərbi Afrikada yerləşən Fransız Qvineyasında insan-meymun hibridi yaratmaq üçün təşəbbüslərə başladı. Onun bu fəaliyyəti Sovet lideri İosif Stalinin diqqətini cəlb etmişdi. İnqilabdan sonra ölkəni sürətlə inkişaf etdirmək və dünyaya hakim olmaq arzusu ilə yaşayan Stalin, şikayət etməyəcək, düşünməyəcək, qarşısına nə çıxsa yeyəcək, insan zəkasına, meymun gücü və dözümlülüyünə sahib yeni bir meymun-insan hibrid işçi sinfinə ehtiyac duyurdu. Bu “hibrid irq” dəmir yolu və mədən kimi ağır iş şəraitində yorulmadan və əmrlərə qarşı çıxmadan çalışacaqdı. Üstəlik, Stalin "Ağrılara dözümlü, davamlı və nə ilə qidalanırsa qidalansın, gücünü itirməyəcək məğlubedilməz yeni bir insan növü istəyirəm" deyərək, bu meymun-insanlardan ibarət bir ordu yaratmaq niyyətində olduğunu da ifadə etmişdi. O, bu əsgərləri bir savaş maşını kimi istifadə edib dünyanı fəth etməyi planlaşdırırdı. Bu düşüncələrlə o, İlya İvanoviç İvanovu bu layihə ilə vəzifələndirdi.
İvanov əvvəlcə erkək meymunlardan aldığı spermanı afrikalı və rus könüllü qadınlara yeridərək onları hamilə qoymağa çalışdı, lakin nəticə əldə edə bilmədi. Daha sonra dişi meymunların bətninə insan sperması yeridildi və onlarla şimpanze ilə birlikdə Gürcüstandakı yeni tədqiqat mərkəzinə yollandı. Lakin mayalanmış şimpanzelərdən ikisi hamilə qalmadı, üçüncüsü isə yolda öldü. Tədqiqatlar illərlə davam etdi. Təkcə şimpanzelərlə deyil, Afrikadan gətirilmiş oranqutan və babunlarla da sınaqlar aparıldı. O dövrün sovet qəzetləri bu tədqiqatlara geniş yer ayırırdı. Qəzet məlumatlarına görə, həm kişi, həm də qadın bir çox yoldaş bu təcrübələrdə iştirak etmək üçün könüllü olmuşdu. Lakin bütün bu cəhdlərə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmadı. İvanov Gürcüstandakı iqlim şəraiti səbəbindən layihənin uğursuz olduğunu düşünərək təcrübələrini Kubada davam etdirmək istədi. Lakin bu plan Amerika mətbuatının diqqətindən yayınmadı və New York Times qəzetində yayımlanan xəbərlərdən sonra layihə dayandırıldı.