Stalin tez-tez Gürcüstanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı respublika rəhbərliyinə göstərişlər, tövsiyələr, məsləhətlər verib.
Qlobal.net bildirir ki, o, xüsusilə limon, portağal, naringi sahələrinin artırılmasını məqsədəuyğun sayıb. Amma bu göstərişlər onun istədiyi qədər yerinə yetirilməyib. Nəhayət, günlərin birində Stalin Gürcüstanın birinci katibi Mqeladzeni Moskvaya dəvət edib, onu bağ evinə qonaq aparıb. Süfrə arxasına keçməzdən əvvəl onlar bağ evinin həyətində gəzişiblər. Stalin həyəti gəzdikcə birinci katibə öz əkdiyi limon ağaclarını göstərib:
- Dadına baxın, özüm əkmişəm.
Birinci katib limonun birini dərdikdən sonra söhbətini davam etdirib, Gürcüstandakı vəziyyətdən danışıb. Bir neçə addım atdıqdan sonra Stalin onun sözünü yarımçıq kəsərək növbəti limon ağacının qarşısında dayanıb:
- Bu ağac daha çox məhsul verir. Moskva mühitində belə məhsul əldə etmək çox çətindir.
Mqeladze isə söhbətini davam etdirib. Stalin yenidən onun sözünü kəsərək limon ağacının qarşısında dayanıb:
- Mən Siyasi Büronun üzvlərinə də bu limonlardan pay verirəm və onlar məndən çox razı qalırlar.
Nəhayət ki, Mqeladze Stalinin eyhamlarını başa düşüb:
- Yoldaş Stalin, sizə söz verirəm ki, bir neçə ildən sonra Gürcüstan bütün SSRİ-ni limonla təmin edəcək və bütün sovet vətəndaşları bizdən razı qalacaq.
Stalin istədiyini eşitdikdən sonra onu evə dəvət edib:
- Axır ki, siz məni anlaya bildiniz, indi evə keçə bilərik.
Murad
Qlobal.net