"Soyundurub ağaca bağladılar, 7 saatdan sonra..." - "Oğru Cəbrayıl"ın dəhşətli məhbəs həyatı
Əvvəli burada: Volqa-Don
kanalının çəkilişində əlimi ağdan-qaraya vurmamağa and içmişdim. 75 gün
karserdə qalmağıma, üzülüb əldən düşməyimə fikir vermədən podpolkovnik
Vəliyev üç gün sonra əmr etmişdi ki, məni "betonomeşalka"nın yanına
aparsınlar, axşamadək işləməyimə göz qoysunlar. Barakdan çıxanda dünən
mağazadan alıb doyunca yediyim salanın qalığını çörəyin içinə doldurdum.
İki dənə də karamel konfetim vardı, onu da cibimə qoydum. Elə yolda,
sıra ilə gedəndə yaxınlaşdım növbə rəisinə, konfetləri çıxarıb ovucuna
basdım. Gözləri işiqlandı. Dedim ki, hər həftə on manatın məndə, ayın
axırında faizimi də 100-dən yuxan yazarsansa, əlli manat da həmin vaxt
verəcəyəm. Az qaldı qucaqlayıb öpsün məni. Çünki "oğru"lar da əlli manat
verirdilər. Oğru Çuma da "vertuxa"ya tapşırdı məni, həm də tələb elədi
ki, haradan olur-olsun, ikiqat qiymətinə bir baş sarımsaq tapıb
gətirməlidir. 75 günlük karserdən sonra dişlərimin dibində zud, ağrı
hiss edirdim. İş yerinə gedib çatanda
“oğru”lar yenə tonqal qalayıb ətrafında dövrə vuraraq oturdular. Mən də
onların yanında özümə yer elədim. Bir azdan növbə rəisi qaynar çay
"krujka"sı ilə dəstəmizə yaxınlaşıb:– Al, iç, zəifsən hələ, – dedi və göz vuraraq, geri döndü. "Oğru"
Kraçuk briqadirin ardınca qışqırdı kı, bir nəfər göndər, getsin bizə
quru çay alsın. Briqadir "çest" verərək yoluna davam etdi. Əslində
tonqalın yanında, "blatnoy"larla oturmaq barakda uzanmaqdan min pay
yaxşı idi. Hiss edirdim ki, karserdə sıradan çıxmış ayaqlarım
yavaş-yavaş canlanır, əvvəlki qəddinə düşmək ümidi ilə isti ocağa doğru
uzanır... Bir qədər sonra cavan bir komsomolçu qaçaraq tonqalımıza yaxınlaşdı:– Briqadir göndərdi məni, – tövşüyərək dilləndi.Hamı qəhqəhə çəkib güldü və Kraçuk:– Yurka, sən də "göndər" onu, – deyərək, mənə göz vurdu, yəni pul ver.Komsomolçu bir qədər qorxu, bir qədər çaşqınlıq içində ayaqlarının birini götürüb, o birini qoyaraq gözləyirdi.Onluqlarım
sol döş cibimdə idi. Bir dəstə çıxarıb, əziyini seçdim, komsomolçuya
uzatdım. Oğlan həsrət dolu nəzərlərlə pullara baxırdı.– Bir qutu çay al, qalanı səninki olsun, – dedim.– Sağ olun, mənə sizin bəxşişiniz lazım deyil!– Bu, bəxşiş deyil, mükafatdır, – Kraçuk onun kürəyini döyəclədi.Təxminən yarım saat sonra oğlan çayı gətirdi, bir torba da mak, xaşxaş səpilmiş bulkanı tonqalın yanında yerə qoyaraq:–
Nuş olsun! Sağlıqla yeyin, – deyib qayıtmaq istəyəndə qarşısında uzun
tiyəli bıçaqla dayanmış Kraçuku görüb bir addım geri çəkildi.–Nə üçün, qardaşlar? – titrək dodaqlarla, rəngi ağarmış halda pıçıldadı.– Sənə dedilər ki, qalanı sənindir. Komsomol bulka torbasını götürüb, gülə-gülə uzaqlaşdı. –
Təmiz oğlana oxşayır. Amma təəssüf ki, komsomolçudur, – deyən Kraçuk
çifir bişirmək üçün çay qutusunun ağzını əlindəki bıçaqla açdı, –
Tezliklə o da başa düşəcək ki, kim çox işləyirsə, bir o qədər tez
ayaqlarını uzadır. Bir həftə sonra işləməyən
dəstəni daha ağır şəraitli zona etap elədilər. Mən də həmin kolonda
sıraya durmuşdum. İrkutskdan şimala doğru aparılanda bizimlə vaqon-zakda
gedən konvoylardan biri:– AnqarLaqa (Anqar düşərgəsi) gedirsiniz, – dedi.– Orada Volqa-Dondan fərqlənən yaxşı bir şey var? – Sın Polka soruşdu.– Yaxşı həşəratlar olur, dadlı, ləzzətli. Elə
həmin axşam tayqa ağcaqanadlarının nə demək olduğunu hiss etdik. Axşam
yeməyinə isti balanda verilmişdi. Təzəcə yerimi rahatlayıb, qaşığımla
miskada nə olduğunu yoxlamaq istəyirdim ki, qara bulud kimi bir dəstə
xırda qarışqaya bənzər qanadlı həşərat xörək qabına doldu. Hamının
balandası tullanmalı oldu. "Professor" isə heç nədən iyrənmədən onları
balandaya qarışdırır, iştaha ilə yeyirdi. Bu hadisədən sonra bir dəfə də
atdım xörəyimi, sonradan əlacsız qalaraq, "professor" kimi gözlərimi
yumub, yeməyə girişdim. Fikirləşdim ki, əgər yeməsəm, aclıq məni
yeyəcək. Tayqanın ağcaqanadlarından danışmaqla
qurtarmaz. Əynini altdan geyinib, üstdən qıfıllayırdın, üstdən geyinib,
aşağıdan qıfıllanırdın, bir də hiss edirdin ki, düz kürəyinin ortasından
dişləyib... Söykənirdim ağaca, qaşıyırdım, sürtürdüm, elə bilirdim
ağcaqanad sancdığı yerdə fındıq boyda şiş əmələ gəlib... Elə qaşınırdı
ki, qopartmaq, didmək istəyirdim həmin yeri. Xırda həşəratların -
moşkaların işi daha zibil idi. Birdən sanki əlinə iynə batırırdılar.
Hiss edirdin ki, dərinin içinə soxulur. Hərdən
konvoylar ayı vururdular. Alırdım onlardan ət parçalarının yaxşı
yerindən, qızardırdıq, doyunca kabab yeyirdik. Oradakı işimiz şulfa
çıxarmaq idi. Mən heç vaxt düşmürdüm şaxtaya, çünki bir neçə nəfərin
başına ağır “qorşok" (qızılı ayırmaq üçün istifadə edilən cihaz)
düşmüşdü, canlarını tapşırmışdılar. Burada kart
oyununun demək olar ki, bütün fırıldaqlarını öyrənmişdim. Bir gün yenə
oyuna qoşuldum. Yaxşıca udmuşdum. Amma "oğru"lardan biri - "Vitka Çuma”
uduzdu... İki şeydən birini seçməli idi – ya "soroçka smertnikov", ya da
hamam. Pulu olmadığından "soroçka"ya (ağcaqanadlara yem olmağa) getdi.
Vaxt qurtaranadək bağladılar ağaca, özü də çılpaq... Yeddi saat sonra
gəldik onu ağacdan açmağa. Bizi görən kimi başladı yalvarmağa ki, yaxın
gəlməyin, yoxsa tox komarlar uçar, əvəzinə acları daraşar bədəninə... Heç
bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək
olarmı?! Amerikalılar hər cür müasir texnika ilə uzunluğu cəmi 80
kilometr olan Panama kanalını təxminən otuz ilə tikiblər. Afrikadakı
Süveyş kanalı çəkilən zolaq qumluq sahə olduğundan həm qazılması çox
asan idi, həm müasir texnika, həm də tikinti materialının daşınması
cəhətdən heç bir çətinliyi olmayan misirlilər 160 kilometrlik kanalın
çəkilişini on ilə başa vurmuşdular. 180 km-lik donmuş bataqlıqdan keçən
Belomor-Baltik kanalı isə ikicə il müddətinə tikilmişdi! Necə? Ağlagəlməz dəhşətləri sayəsində! Kanalın
tikintisi hələ 1931-33-cü illərdə minlər, bəlkə də milyonlarla insanın
həyatı bahasına başa gəlmişdi. Bizi ora aparanda "komsomol tikintisi"ndə
150-160 min dustaq işləyirdi. İldə təxminən otuz min insan yox
olurdu... ... Kanalın tikintisinə təzəcə
başlananda oraya "preddveriye ada" ("cəhənnəm qapısının kandarı"), yəni
yüzə-yüz meyit məskəni deyirdilər. Hər həftə minlərlə məhbus
gətirilirdi, lakin onlar buradan heç yerə etap olunmurdular. Ancaq
işləyən "komsomolçu"ların sayı ilin sonunda əvvəlki qədər, yəni 150 min
nəfər olurdu. Hər gün yüzlərlə, bəlkə də minlərlə meyit tapırdılar.
Ələlxüsus, əyalət rayonlarından gətirilən məhbuslar cani-dildən
işləyirdilər. Donmuş torpağı qazır, arabalara dolduraraq yüz-yüz iyirmi
metr kənara daşıyırdılar. Orada su sulfidli
olduğundan, bir neçə dəfə yuyunduqdan sonra insanların bədəni və
başlarındakı tüklər tökülürdü. Mən qarı yığırdım çəlləyə, əridib
yuyunurdum. Araq içdikdən sonra şüşənin dıbində qalan hissəni başıma
sürtüb, mikrobları təmizləyirdim. Dustaqlar üç
növbə işləyirdilər. Hər növbədə 40-45 min məhbus işə çıxırdı. Səhər saat
səkkizdən başlayan "udarnaya sila" saat dördə qədər əsas işi görürdü.
İkinci növbədə işləyənlər gecə saat on ikiyə qədər yalandan baş
girləyirdilər. Əsas ölüm halları elə bu növbədə baş verirdi. Sürüşkən
"otkos"da çifir bişirən məhbusun azacıq itələnərək qışqıra-qışqıra
"betonomeşalka"ya düşməsini gözlərimlə görmüşdüm. Konvoyların gözü
qarşısında baş verən bu bədbəxtliyə titrəyə-titrəyə baxırdım. Gah bu,
gah da digər tərəfdən dərin şlüzlərdə bir an qışqıraraq həmişəlik susan
insanların dəhşət dolu bağırtısı hələ də qulaqlarımda əks-səda verir. Şimal
düşərgəsini "həşəratların laboratoriyası " adlandırırdılar. SLON
(Xüsusi Təyinatlı Şimal Düşərgələri) adamları adına uyğun şəkildə, vəhşi
fıl kimi tapdayır, əzir, məhv edirdi. Kimi həyatdan yox etmək
istəyirdilərsə, məhz SLON-a göndərirdilər. Buradan
hərdən qaçırdılar. İşdən sonra yol boyu tökülüb qalan meyitlərdən
qorxub, qaçırdılar. Kimi elə tayqadaca donub ölür, kimini isə onların
ardınca göndərilən konvoy dəstəsi öldürərək, meyitini sürüyə-sürüyə
düşərgəyə gətirirdi. Qaçmağa cəhd edəni aşxananın yanında görünən yerə
atırdılar ki, hamı baxsın, ibrət dərsi götürsün. Qaçanlar
əsasən "58-lər" (repressiya olunan hərbçilər) idilər. Çoxları "yaşıl
prokuror" adlandırdıqları tayqanı acından ölməkdən üstün tutur, "bəlkə
baş tutdu" deyərək, dabanlarına tüpürürdülər. SLON-da
ölənlərin də əksəriyyətini "58-lər" təşkil edirdi. Müharibədə
odun-alovun içindən çıxmış "smertniklər" bilirdilər ki, verilən müddət
başa çatsa belə, onları azadlığa buraxmayacaqlar, bir bəhanə tapıb, yeni
maddə yükləyəcəklər bellərinə. Düşərgə
işçilərinin "faşist" adlandırdıqları bu zümrənin gözlərində həmişə
düşərgə rejiminə qarşı üsyan, kin və nifrət oxunardı. Hətta "Oğru"lar
"58-lər"ə hörmətlə yanaşar, hər vasitə ilə onlara kömək etməyə
çalışardılar. "58-lər" də "oğru "lar kimi kanal çəkilişində
"saçkovatlıq" edir, fürsət düşən kimi işlətdikləri adi arabaları
sındırır, bir tərəfdə qaladıqları tonqalın başına toplaşaraq
pıçıldaşardılar. Düşərgəmizdə Pronin familiyalı
baş leytenant vardı. "Bespredel"dən tutmuş, "Oğru"ya qədər hamı
insanlıq xasiyyətindən kənar xislətli bu "çaqqal "a nifrət edirdi. Bir
gün o, tonqal ətrafında qızınan "58-lər"ə yanaşaraq:– Hə, "faşist”lər, yenə dincəlirsiniz? Bəlkə meşədən giləmeyvə yığmaq könlünüzə düşüb? – deyərək hırıldadı.Dörd-beş
nəfər məhbus sevincək halda onun dediyi təklifi qəbul etdiklərini
bildirdilər. Dustaqları meşəyə ötürən Pronin az sonra iz axtarıcı it
dəstəsi ilə nəzarətçiləri onların ardınca göndərdi və tapşırıq verdi ki,
"meyitlərini gətirin!"Axşam vatnikləri it dişləri ilə
didilmiş, güllələndikdən sonra beyinləri tökülmüş üç məhbusu xizəyin
üstünə uzadaraq, dörd dustağa onu gəzdirməyi həvalə etdilər... Bundan
sonra isə meyitləri kişkodroma (aşxanaya) gedən cığırın yanında sıraya
düzdülər. Düz bir həftə onların meyitləri elə oradaca qaldı. SLON-da
işləyənlər əsasən siyasilər, əyalətlərdən yığılaraq göndərilən
kolxozçular və "bespredelşik'lər idi. Əsl kommunistlər bəzən iki növbə
donmuş torpağı lomlarla döyəcləyir, ayın axırına faiz yığırdılar. Ayın
sonunda briqadirin iş cədvəlində "zərbəçilərin" adları qarşısında 80-90%
yazılırdı, "Oğru"lar isə axşamadək baraklarda kart, şahmat oynayır,
planı azı 110-120 faiz "ödəyirdilər". Ukraynadan
iki qardaş "krolik" etap olunmuşdu. Onlar ilk gün rekord – 260 faiz
göstərici eldə etdilər. Düşərgə rəisi onlara mükafat kimi bir qutu
pirojna verərkən, onlar "Sovet İttifaqına xidmət edirəm!”– deyib,
qışqırdılar və söz verdilər ki, sabah həmin rəqəmi 300 faizə
çatdıracaqlar. Şaxtada sıraya düzülmüş 300 nəfərə yaxın briqada üzvləri
bu vədi eşidəndə uğuldadı və pıçıltı ilə kommunist qardaşları söyməyə
başladılar. Səhəri gün qardaşların "heykəlini”
tapdılar. İşləyərək tərləmiş qardaşlar kürəklərini bir-birinə
söykəyərək, azacıq dincəlmək istəyiblərmiş. Lakin hava çox şaxfalı
olduğundan, elə yerlərindəcə donub heykələ çevrilmişdilər. Mən
bütün bunları görür, hər səhər öz-özümə içimdən gələn səslə "Sən
yaşamalısan, Cəbrayıl, nəyin bahasına olursa-olsun, yaşamalısan" deyir,
“Oğru”ların yanından uzaqlaşmırdım. Hərdən hamı barakdan çıxarılaraq işə
göndərildikdə də çalışırdım ki, "adamyeyən" "betonomeşalka”lardan,
girdabında minlərlə məhbus uyuyan dəhşətli yalquzaq uğultulu şlüzlərdən
uzaq qaçım. Çox vaxt "professor" ləqəbli qocanın yanında olur, onun
məsləhətlərilə durub-otururdum. O, əvvəllər də, yəni kanalın tikintisi
yenicə başlayanda iki il burada "can qoymuşdu". –
Xəstələn, özünü dəliliyə qoy, briqadirə "pay" ver, çalış ki, mümkün
qədər işə çıxmayasan, – deyirdi professor. Heç bir texniki vasitə
olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olar?! Çoxları heç
bir həftə dözmürdü... İndi heç olmazsa, "betonomeşalka", traktor var, o
vaxtlar hər iş əllə görülürdü və çəkdiyimiz kanal heç nəyə yaramırdı.
Ancaq şalban axıtmağa yarayırdı, çünki həm darısqal, həm də çox dayaz
inşa edilmişdi. Düşərgədə azərbaycanlılar da
vardı. Gəncədən iki qardaş – Aydın və “Ruf” ləqəbli digərini, Bakıdan
Papaninli “Qorbatıy Azik”i, Mirzə Montinskini və Qala qəsəbəsindən olan
Süleymanı, Hüseynağanı daha tez-tez görürdüm. Ünsiyyətimiz olmurdu,
çünki şərait elə idi ki, hər kəs ancaq öz başının həşirində idi. Sabaha
heç kəs ümidlə baxa bilmirdi. 1951-ci ildə
mənim cəmi iyirmi yaşım vardı, ancaq bilirdim ki, "Oğru"larla birlikdə
olaramsa, onların məsləhət və qanunlarına əməl edərəmsə, uzaqdan,
əlçatmaz üfüqlərdən görünən işıq ucuna doğru gedə bilərəm. Son
vaxtlar yemək payımızı tamam azaltmışdılar, sinqa xəstəliyi ağzına
almışdı düşərgəni. Cavan-cavan oğlanların dişləri damaqlarından
uzanaraq, sanki əlahiddə dayanırdı. Çoxları normadakı qədər yemək
paylarını ala bilmirdilər. Bir dəfə uşaqlar qarğa vurmuşdular. Saatlarla
qaynatdıq, yemək mümkün olmadı, iki gün bişirdikdən sonra da əti
yumşalmamışdı...