Uzun illər SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin həyatı həmişə maraq obyektində olub. Sərt obrazı ilə tanınan diktatorun həyatını tədqiq edən bioqraflar qeyd edirlər ki, onun ürəyini yalnız üç nəfər yumşalda bilib. Onlardan biri onun anası Yekaterina Queladze idi.
Digəri birinci həyat yoldaşı Yekaterina Svanidze olub. Stalin həqiqətən də ona aşiq idi, lakin Yekaterina çox gənc yaşda vərəmdən dünyasını dəyişib. Bəziləri deyir ki, Stalin həyat yoldaşını itirdikdən sonra heç vaxt əvvəlki kimi olmayıb.
İosifin sevdiyi başqa biri isə qızı Svetlana idi.
Qlobal.net Svetlana Aliluyeva ilə bağlı maraqlı məlumatları təqdim edir.
Alliluyeva 1926-cı il fevralın 28-də Moskva şəhərində anadan olub. Onun anası Nadejda Sergeyevna Alliluyeva Stalinin ikinci arvadı olub. 1949-cu ildə Stalinin qızı Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra tərcüməçi və ədəbi redaktor kimi işləməyə başlayıb.
Müəmmalı ölüm
Svetlana altı yaşında olanda anası qəfil dünyasını dəyişib. Buna görə də o, baxıcısı tərəfindən böyüdülüb. Atası onunla çox vaxt keçirməsə də, hər zaman qızını nə qədər sevdiyini göstərməyi bacarıb. Düzdür, rəsmi mənbələrə görə, Svetlananın anası appendisitdən əziyyət çəkib. Svetlanaya da anasının məhz bu səbəbdən öldüyü deyilib. Amma Nadejdanın vəfatının təbii şəkildə olmadığını sübut edən kifayət qədər dəlillər də var. O, Stalinə dəlicəsinə aşiq idi. Lakin universitetə gedəndə İosifin Rusiyada etdiklərini görüb məyus olmuşdu. Nadejda Stalinin üzünə “cəllad” deyə qışqıran nadir insanlardan idi. Ölümündən bir gün əvvəl o, liderlə ictimaiyyət arasında sərt mübahisə edib. Ertəsi gün o, ürəyində güllə ilə çarpayısında yatmış vəziyyətdə tapılıb. Əksəriyyət onun intihar etdiyinə inansa da, bəziləri ərinin öldürdüyünü düşünürdü. Svetlana Alliluyeva isə məsələ ilə bağlı rəsmi açıqlamaya inanmalı olub.
Kədərli oyanış
Svetlana böyüdükcə başa düşməyə başladı ki, ölkəsindəki hadisələr onun düşündüyü kimi deyil. 16 yaşına qədər atası ilə yaxın və sevgi dolu münasibəti var idi. Həmin yaşda Svetlana artıq ingilis dilini öyrənmişdi. Bir gün o, ingilis dilində anasının intihar etdiyini bildirən bir məqaləni oxudu. Bu xəbər atasına qarşı müəyyən şübhələrin yaranmasına şərait yaratdı. Svetlana daha sonra yaşlı bir prodüserə aşiq oldu, lakin Stalin bu münasibətin əleyhinə olduğunu bildirdi. Əlaqələrini bitirmək üçün xalqın bəzi nümayəndələrindən həmin şəxsi tutmasını və Sibirə göndərməyi əmr etdi.
Digər tərəfdən, İkinci Dünya Müharibəsinin başlamasıyla Svetlana və Stalinin münasibətləri pozuldu. Anası haqqındakı gerçəyi öyrənən Svetlana, ögey qardaşı Yakov faşistlər tərəfindən öldürüləndə də çox sarsıldı. Svetlanın qardaşı Yakov Böyük Vətən Müharibəsində almanlara əsir düşərək konslagerdə öldürüldü. İosif Stalin isə öz oğlunu alman generalına dəyişməkdən imtina etmişdi. Svetlananın daha bir qardaşı Vasili möhkəm içən idi, o, 40 yaşında vəfat etmişdi.
Kimlərlə evləndi?
Svetlana cəmi 19 yaşında ikən yəhudi olan Qriqori Morozovla ailə qurdu. İosif adında bir uşaqları olan cütlük 1947-ci ildə boşandı. Alliluyevanın ikinci evliliyi 1949-cu ildə Yuri Jdanovla oldu. Cütlüyün Yekaterina adında bir qızları olsa da, onlar bir il sonra ayrıldılar. O, üçüncü dəfə 1964-cü ildə hindistanlı bir kommunist olan Brijeş Singhlə ailə qurdu. Dördüncü evliliyi isə ABŞ-də Uilyam Peterslə baş tutdu. 1973-cü ildə sona çatan bu evlilikdən Olqa adlı bir qızı dünyaya gəldi. Ümumilikdə, Aliluyeva 4 dəfə evlənib, onlardan 3-ü Rusiyada baş tutub.
Dünyanı şoka salan hadisə
Svetlana həm də ABŞ səfirliyinə müraciət etməsi, SSRİ-dən qaçması ilə dünyanı şoka salıb. Buna səbəb isə Sovet rəhbərliyinin onun üçüncü əri hindistanlı Brijeş Singhə mənfi münasibəti olub. Belə ki, 1966-ci ildə Hindistana ərinin dəfn mərasimində iştirak etmək üçün gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaq əvəzinə oradakı ABŞ səfirliyinə sığınıb. Özünün sovet pasportuna od vuraraq Svetlana kommunizmi pisləyib. Bir il sonra Hindistandan ABŞ-yə köçüb. O, atası İosif Stalinin 1953-cü ildəki ölümündən sonra soyadını dəyişərək anasının soyadını, yəni Alliluyevanı götürüb. ABŞ-də siyasi sığınacaq haqqı əldə etdikdən sonra isə ad və soyadını dəyişib və nəhayət Lana Peters adını alıb.
Stalinin qızının Rusiyanı tərk etməsi ABŞ üçün kommunist rəqibiylə ictimai əlaqələri inkişaf etdirmək adına çox əhəmiyyətli bir addım idi. Lakin bu, Rusiya adına utancverici olub. Alliluyeva ABŞ-yə qaçanda Nyu-York şəhərinə çatan kimi atasının rejimini tənqid edən bir açıqlama vermişdi: “Amerikaya uzun illər Rusiyada əldə edə bilmədiyim azad söz üçün gəldim".
Qocalar evində vəfat etdi
Svetlana Alliluyeva bestsellerə çevrilmiş 2 memuar da daxil olmaqla, ümumilikdə 4 kitab müəllifidir. Onun 1967-ci ildə dərc olunmuş ilk memuarı “Dosta iyirmi məktub” kitabı ona 2,5 milyon dollar gəlir gətirib. 1980-ci illərdə Svetlana Alliluyeva SSRİ-yə dönərək, ABŞ-ni tənqid etməyə başlayıb. Lakin doğmaları ilə sözü üst-üstə düşmədiyi üçün növbəti dəfə SSRİ-ni tərk edib.
O, bir müddət Kaliforniyada yaşayıb, ardından 1986-cı ildə qızı Olqayla Viskonsinə köçüb. Bundan sonra gözlərdən uzaq səssiz bir həyat sürməyə başlayıblar. 2010-cu ildə mətbuata verdiyi son müsahibəsində Alliluyeva atası İosif Stalin haqqında danışarkən "həyatımı məhv etdi...", - bildirib.
O, ömrünün son illərini ABŞ-nin Viskonsin şəhərindəki ahıllar evində keçirib. Son illər ərzində onun bağırsaq xərcəngindən əziyyət çəkdiyi deyilir.
Lana Peters kimi tanınan 85 yaşlı Svetlana Alliluyeva noyabrın 22-də Viskonsin ştatında, ahıllar evində dünyasını dəyişib.