Dünyanın ayrı-ayrı ölkələrində olan həbsxanaların ümumi adı cəzaçəkmə müəssisəsi olsa da, onlar qeyri-rəsmi olaraq kateqoriyalara bölünüb: qorxulu, dəhşətli, ən dəhşətli və s. Sovet dövründə Lefortovo həbsxanası öz dəhşətləri ilə bu siyahıda ilk sıralarda yer alıb...
Moskvanın mərkəzindən çox da uzaqda yerləşməyən Lefortovo həbsxanası hələ SSRİ-nin yaranmasından əvvəl, 1881-ci ildə tikilib. Memar Kozlovun layihəsi əsasında inşa edilən türmə həmin dövrdə kiçik çinli hərbçilərin cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
1920-ci ildən həbsxananın rəsmi adı Moskva Lefortovo türməsi, 1924-cü ildən isə Xüsusi Təyinatlı Təcridxana olub. 1930-cu ildə türmə islah-əmək müəssisəsi kimi fəaliyyət göstərib. 1936-cı ildə isə həbsxana “NKVD”nin tabeliyinə verilərək istintaq təcridxanasına çevrilib.
Araşdırmaçıların qənaətinə görə, Lefortovo türməsinin ən ağır dövrü məhz bu ərəfəyə, 1936-1954-cü illərə təsadüf edib. Həmin illərdə Lefortovoda saxlanılanlar istintaq zamanı “NKVD” əməkdaşları tərəfindən ən ağır işgəncələrə məruz qalıblar.
Lefortovo həbsxanasını digər cəzaçəkmə müəssisələrindən fərqləndirən əsas cəhət burada saxlanılanların ətrafdan tam təcrid olunması ilə bağlıdır. Belə ki, türmədə məhbuslar kameralarda uzun illər tək saxlanıblar. Məhbusların bir-biri ilə əlaqəsi mümkünsüz sayılıb. Hətta gəzinti zamanı, yaxud istintaqa aparılarkən elə bir şərait yaradılıb ki, məhbuslar bir-birini görə bilməyib. Çox nadir hallarda ailə üzvləri və vəkillərlə görüşmək hüququ qazanan məhbuslar bu görüşləri son dərəcə ciddi nəzarət altında keçiriblər.
Lefortovo həbsxanası yeganə cəzaçəkmə müəssisəsi olub ki, bu məkanda “oğru qanunları” işləməyib. Həbsxanaya məktub, narkotik vasitələr, spirtli içkilər və s. keçirmək mümkünsüz olub.
Lefortovoda saxlanılanların həbsxana işçilərinə müraciətinə də ciddi qadağalar və məhdudiyyət qoyulub. Yalnız zərurət olan halda türmə əməkdaşları məhbuslarla danışıb.
Türmədə məhbuslara verilən işgəncə vaxtla, müəyyən olunmuş saatla deyil, bütün gün ərzində olub. Belə ki, həbsxananın bir çox kameraları qara rəngli boya ilə boyanıb və bu “qara” kameralara güclü işıq verilib. Kəskin “ağ-qara” effekti məhbusların psixikasını sözün əsl mənasında darmadağın edib.
İstintaq zamanı “NKVD” əməkdaşlarının hər biri özünəməxsus işgəncələr tətbiq edib. Həbsxananın “NKVD”nin tabeliyində olduğu dövrdə burada saxlanılanların taleyi iki variantla yekunlaşıb, ya ölüm, ya da dəli olmaq. Lefortovonun dəhşətli mühiti heç kimə üçüncü variantı verməyib.
Lefortovo həbsxanasının ən dəhşətli mənzərələri yeraltı hissəsində baş verib. “Vətən xainləri”nin istintaqı burada aparılıb, ən ağır işgəncələr burada verilib. Bəzi hallarda güllələnmə hökmü də məhz burada icra edilib.
Lefortovo həbsxanası fəaliyyətə başladığı gündən müasir dövrümüzə qədər qapalı müəssisə statusundadır. Bu müəssisənin hətta həyətinə belə turistlər, kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılmır, jurnalistlərin sorğularına çox nadir hallarda məhdud şəkildə cavab verilir.
Türmənin tarixində yalnız bir dəfə, 1993-cü ildə həbsxana ilə tanışlıq məqsədilə mətbuat konfransı keçirilib.
1954-cü ildən 1991-ci ilə qədər Lefortovo türməsi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin tabeliyinə verilib. 1991-2006-cı illərdə həbsxana Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin balansında olub, 2006-cı ildən isə Rusiya Ədliyyə Nazirliyinin tabeliyindədir.
Son illərdə Lefortovo həbsxanasında məhbusların saxlanma şəraitini yaxşılaşdırmaq məqsədi ilə bir çox işlər görülüb. Burada mütəmadi olaraq təmir işləri aparılır, avadanlıqlar yenilənir. Həbsxana kameralarında minimum mebellər, televizor, soyuducu məhbusların ixtiyarına verilib.
Əvvəlki illərdən fərqli olaraq həbsxanada ərzaq təminatı, tibb xidməti, sanitar-gigiyenik şərait, qanun çərçivəsində vəkil, hüquq müdafiəçiləri və ailə üzvləri ilə görüşlərin verilməsi müvafiq qaydalara uyğunlaşdırılıb.
Həbsxanada gəzinti üçün nəzərdə tutulan meydança, kitabxana, avadanlıqlarla təchiz olunmuş görüş otaqları və s. də fəaliyyət göstərir. (Musavat.com)