Sovet dövründə bütün Azərbaycanı ayaq üstə qaldıran dini-mistik hadisə…

Keçən əsrin 70-ci illərin sonunda Bakıda qəribə və mistik bir hadisə barədə pıçıltı ilə xəbərlər yayılır. Sovet dövründə dini möcüzə xəbərləri “mistika”, “xurafat” sayılırdı və dövlət dini simvolların ictimai müzakirəsini istəmirdi. Bunu edənlər mütləq cəzalarını alırdılar.
Lakin hadisə o qədər sürətlə yayılırdı ki, dinə inanmayan insanlar belə gəlib buranı ziyarət edir və bu hadisəni dünyanın sonu yaxud Allahın möcüzəsi kimi qəbul edirdilər.
Nərimanov heykəli tərəfdə bir binanın qapısında gecələr fosfor kimi parlayan “imam” şəkli görünməsi barədə sürətlə yayılan xəbəri hərə bir cürə yozmağa başlayır.
Şayələrə görə bəzən “imam”, “seccadədə namaz qılan kişi”, “əmmaməli siluet” kimi görünən bu rəsm Azərbaycanın bütün rayonlarından bura axının sürətlənməsinə şərait yaradır. Xüsusən gecə insanlar daha açıq şəkildə bunu görmək üçün heykəlin ətrafına yığışdırdılar. Yayılan şayələrə görə görünən insan silueti tərpənirmiş, bəzən də qapıya yaxınlaşan kimi itir, yenidən qayıdır yerinə.
O dövrdə İranda baş verən çevriliş və hakimiyyətə dindarların gəlməsi barədə xəbərlər verilirdi və bu hadisənin Azərbaycanda zühurun əlaməti olacağını insanlar pıçıltı ilə bir birlərinə danışırdılar.
Hər yerdən gələn qadınlar və kişilər burada durur, ibadət edir və hətta şam yandırın dualar edirdilər. Bu hadisə o qədər sürətlə ölkədə yayılır ki, Dövlət Təhlükəsizlik komitəsinin oranı nəzarətə götürməsinə səbəb olur. Hüquq mühafizə orqanları dəfələrlə insanları ordan dağıtsa da kütləvi gələnlərin qarşısını almaq olmurdu.
DTK bu hadisəni ilk “görən” adamı həbs edir və görüntüsü olan qapını rəngləyir. Lakin gecələr təkrar onun peyda olması əməlli-başlı dini-mifik hadisə olaraq görülməyə başlanır.
İnsanları sakitləşdirmək üçün DTK guya binada yaşayan bir rəssam-memarın onlar qarışında çıxış etdirir ki, bu onun əl işidir və sadəcə rəssamlıq üçün çəkilib.
Lakin insanlar ona inanmırlar. Hadisələr nəzarətdən çıxanda geniş araşdırma aparılsa başlanır. Gecə milis və təhlükəsizlik xidməti işçiləri növbə ilə hadisəni izləməyə başlayırlar..
Psixologiyada “pareidoliya” adlanan hadisə — insan beyninin təsadüfi ləkələrdə tanış obraz görmə meyli barədə mütəxəssislər çıxış edir, alimlər dəvət edilir və vətəndaşlara izah edirlər ki, bunun dinlə bağlılığı yoxdur.
Və nəhayət uzun müddətdən sonra hadisənin əsl səbəbi tapılır. Müəyyən edilir ki, şəkildə görünən binada yaşayan bir şəxs (adı heç bir sənəddə qeyd edilmir) bu hadisəni düzüb qoşub. O fosfor və digər parıldayan materiallardan qapıya siluet çəkir və lazer ilə onu gecələr işıqlandırıb insanların beynində mifik bir hadisənin formalaşmasına səbəb olur. Bu şəxsin o dövründə sovetlərdə olmayan lazer işıq aparatının necə əldə etməsi, onun hansı ölkəyə xidmət etməsi barədə isə heç bir məlumat verilmir. Bu hadisə barədə danışmaq qadağan edilsə də şəhər əfsanəsi kimi yaşlı insanların xatirəsində qalıb
Prof.Dr. Zaur Aliyev
Qlobal.net



