Sosial şəbəkədə aldığı mesaj gənc qadını dəhşətə saldı: Evini də, şəhəri də tərk etdi
Ordu sakini Ayşegül A. tanımadığı şəxsin zarafatı səbəbilə həm evini, həm şəhərini tərk etdi.
Türkiyənin Ordu şəhərinin Gölköy rayonunda yaşayan 26 yaşlı özəl təhlükəsizlik əməkdaşı Ayşegül A. iyunun 1-i axşam saatlarında sosial media hesabına gələn mesajdan sonra sarsıntı keçirib.
Qlobal.net xəbər verir ki, Ezgi adı ilə sosial şəbəkədən istifadə edən Ayşegül A.-ya tanımadığı şəxs – İbrahim S-yə (sosial şəbəkədə Ercan təxəllüsündən istifadə edib) mesaj yazaraq onunla görüşmək istədiyini bildirib və telefon nömrəsini göndərib.
Ayşegül bu təklifə təəccüblə yanaşaraq "Kiminlə, mənimlə görüşəcəksən? İnsən, yoxsa cinsən?" deyə sual ünvanlayıb. Qarşı tərəf isə cavabında "Bəli, mən cinəm, sənin otağında yaşayıram" yazıb.
“Bir ay əvvəl evimdə cadu tapmışdım"
Aldığı mesajı ciddi qəbul edən Ayşegül A. böyük qorxu yaşayaraq polisə müraciət edib. Qarşı tərəf isə zarafatına davam edərək "Polisə desən, onlar da məni görə bilməyəcəklər" deyib.
Gənc qadın yaşadığı psixoloji gərginliyi belə ifadə edib: “Bir ay əvvəl evimdə cadu tapmışdım. O hadisədən sonra evimə girə bilmirdim. Aldığım bu mesaj isə məni tamamilə sarsıtdı. Həm evimi, həm də Ordu şəhərini tərk edib İstanbula köçdüm. Qorxudan ürəyim ağzıma gəlmişdi”.
Prokurorluq istintaqa başladı
Ayşegül A. məsələ ilə bağlı prokurorluğa müraciət edərək, İbrahim S.-nin sosial şəbəkədə “rahatlığını pozduğunu” bildirib və şikayətçi olub. Gənc qadın daha öncə də bu kimi səbəblərlə həkimə müraciət etdiyini qeyd edib.
Digər tərəfdən, İbrahim S. ifadəsində hər şeyin zarafat olduğunu bildirib: “O mənə “İnsən, cinsən?” deyə soruşdu. Mən də zarafatla cavab verdim. Qorxduğunu bilsəydim, yazmazdım. Sonradan üzr də istədim və istədim ki, görüşək, amma o qəbul etmədi”.
İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı “rahatlığın pozulması” maddəsi ilə istintaq başladılıb.