“Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib”.
Qlobal.net xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkili qeyd edib ki, 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq: “Fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb. Bu, orta və median pensiya məbləğlərində artımlara xüsusi töhfə verəcək.
Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək.
Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir”. (Qafqazinfo)