19.04.2021
14:52
97

SON DƏQİQƏ! “Tərtər işi” ilə bağlı Prezidentə müraciət olundu: Xarici və daxili qüvvələr sabitliyi pozmaq üçün…

Loading...

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev cəmiyyətdə geniş əks-səda doğuran və ciddi narahatlıq yaradan, Dövlət və Milli təhlükəsizlik üçün təhdidlərə yol açan məlum “Tərtər işi” ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

 Qlobal.net xəbər verir ki, partiya sədri Ə.Əliyevin müraciətində dövlət başçısının qeyd olunan məsələyə təcili müdaxilə etməsinin zəruriliyi bildirilib, prosesin şəxsi nəzarətə görülməsi xahiş olunub:

“44 günlük Vətən müharibəsinin yekununda 30 ilə yaxın müddətdə erməni işğalı altında olan ərazilərimizin tam azad edilməməsinə baxmayaraq, müzəffər Azərbaycan Ordusunun bu parlaq qələbəsi tək cəmiyyətimizdə deyil, dost və müttəfiq ölkələrdə də böyük ruh yüksəkliyi yaradıb. Bununla belə, 2020-ci il noyabrın 10-da imzalanmış məlum üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyanatın formalaşdırdığı yeni reallıqda getdikcə dərinləşən və təhdidlərə yol açan ciddi qeyri-müəyyənlik ölkənin gələcəyinə yönəlik narahatlığımızı artırmaqdadır.

image-resize-1-kopiya

Bununla yanaşı, mövcud şəraitdə ortaya çıxan və cəmiyyətdə geniş müzakirələrə səbəb olan bəzi mühüm məqamlar həmin məsələlərə təcili diqqət yetirilməsini zəruri edir. Burada söhbət ilk növbədə 2016-cı il Aprel döyüşlərindən sonra başlayan və ictimai rəydə “Tərtər işi” kimi bilinən Azərbaycan Ordusundakı “təmizlik aksiyası”ndan gedir. Yayılan məlumatlara əsasən, bu “iş” ətrafında 2 minə yaxın hərbçi və mülki şəxs istintaqa cəlb olunaraq dəhşətli işgəncələrə məruz qalıb. Onların bir qismi verilən işgəncələr nəticəsində dünyasını dəyişib. “Tərtər işi” üzrə istintaqa cəlb edilən şəxslərin doğmalarının müxtəlif sosial platformalarda açıqladıqları detallar insanın qanını dondurur”.Partiya sədrinin sözlərinə görə, “Tərtər işi” ilə əlaqədar yayılan təfərrüatlarda Azərbaycan Silahlı Qüvvələrinin ən yüksək eşalonunda təmsil olunan general və başqa çinli zabitlərin, o cümlədən, Hərbi Prokurorluğun rəhbərliyinin adının hallanması Dövlətin içində olduğu bu təhdidin nə dərəcədə böyük olduğunu göstərir:

“Açıq görünür ki, müəyyən xarici və daxili qüvvələr “Tərtər işi”ndən məkrli şəkildə ölkədə sabitliyi pozmaq üçün istifadə edə bilərlər. Bütün bu arzuedilməz cəhdlərin qarşısını almaq və ən əsası, minlərlə vətəndaşımızın hüquqlarının bərpası üçün ölkənin ali siyasi hakimiyyətinin bu işə təcili müdaxilə etməsi lazımdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Dövlət və Milli təhlükəsizliyimizin qorunması naminə bu işləri Şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm. İnanıram ki, bu müraciətə yüksək həssslıqla yanaşacaq və günahkarların aşkarlanaraq ən sərt şəkildə cəzalandırılmasını təmin etmək üçün bütün vacib addımları atacaqsınız”./Demokrat.az

Loading...