“Şokda idi, dedi ki, İskəndəri öldürdüm, məni polisə təslim et” – Rəşad Dağlının qardaşı
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Qlobal.net “Report”a istinadla xəbər verir ki,
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın
sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı
Ağamalı Əmirov dindirilib.
O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib:
“Mərhum İskəndəri meyxanaçı Ələkbər Yasamallının qohumu kimi
tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İskəndər mənə zəng
vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, o da söylədi ki,
fikir vermə. Daha sonra onun telefonlarına cavab vermədim. Hadisədən
iki gün əvvəl İskəndər yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, “təcili
Rəşadla görüşməliyəm, sonra gec olacaq”. Mən də bu barədə Rəşada
məlumat verdim. Sonra İskəndər mənim nömrəmi bloka atdı”.
Şahid söyləyib ki, hadisə günü gecə saat 04-də Rəşad ona zəng edib:
“Məni küçəyə çağırdı, evdən gödəkçəsini gətirməyimi dedi. Evə çıxıb
gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu
açmadı. Hardasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki,
Rəşad şok vəziyyətdədir. Bildirdi ki, “İskəndəri öldürdüm, məni polisə
təslim et”. Soruşdum ki, “niyə öldürdün?” “Heç nə” bilmirəm söylədi. Bir
də baxdım ki, İskəndər qan içindədir. Rəşad heç vaxt üstündə bıçaq
gəzdirməzdi”.
Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, bıçağı onun mağazasından alıb:
“Hadisə günü gecə Rəşad bizim mağazaya gəldi. Mağazada isə oğlum
olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki,
Rəşad qətl törədib”.
Daha sonra digər şahid, qətlə yetirilən İskəndər Mehdiyevin
qohumu Azər Quliyev də dindirilib. O söyləyib ki, Rəşad Dağlı ilə
münasibəti olmasa da onu uşaqlıqdan tanıyır: “Hadisədən 10-15 gün əvvəl məclisdə idik. İskəndər məndən danışmaq
üçün telefon istədi, verdim. O, Rəşadı yığdı, açmadı. Sonra mənə dedi
ki, ona mesaj yazım. Mesaj yazdım, Rəşad dərhal zəng vurdu. İskəndər
Rəşada bildirdi ki, “təcili görüşməliyik”. Rəşad soruşdu ki, “niyə
görüşək?” Dedi ki, “telefon söhbəti deyil”. Ondan sonrakı prosesdən
xəbərim yoxdu”.
Proses iyunun 9-da davam etdiriləcək.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən
soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə
ittiham irəli sürülüb.