658ea4c3d5915202312235147
“Siyavuş Novruzov qədər maaş alsam, sevincdən papağımı göyə ataram”

Milli Məclisin deputatı Siyavuş Novruzovun millət vəkillərinin maaşı barədə danışması xeyli müzakirə edildi. O, 5 min manat maaş almalarına baxmayaraq, bahalaşma fonunda bu pulun kifayət etmədiyini, hətta bəzən kreditə də girdiklərini bildirdi. 

Sual doğur, bəs belə olan halda, hər zaman yaxşı qazandıqları iddia edilən müğənnilərdə vəziyyət necədir? 

Onların 1 aylıq qazancları nə qədərdir və ayın sonuna kimi kifayət edirmi? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Samirə Yusifqızı bildirib ki, şou-biznes nümayəndələrinin sabit gəliri yoxdur və onlar xalqdan asılıdırlar: “Bizim dolanışığımız Allaha bağlıdır, Allahın əlindədir. Artıq əvvəlki toylar yoxdur, işlər zəifdir. Bəzən deyirlər “Müğənnilər hər gün toydadır”. Kim toydadır axı?! Hansı toyda? İki-üç nəfər şou-biznesə kişilərin hesabına təzəcə gəlib “dırınq-dırınq” edənlərdir ki, hər gün toydadır, qalanlarında vəziyyət belə deyil. İki-üç nəfər ora-burasını plastik əməliyyat etdirib toylarda qazananlardır. Camaatın da musiqi zövqü sıfır vəziyyətindədir, ancaq baxırlar ki, kimsə lazımsız İran, özbək ritmində nə isə oxuyur, bir az da görünüşü qəşəngdir, dərhal toylarına onu dəvət edirlər. Pulu ancaq belələrinə verirlər. 

Bu gün gəlib mənim çalışdığım məkana baxsanız, görəcəksiniz ki, orada Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Seyidcahan, Ruhəngiz Allahverdiyeva, Bilal Əliyev, Təranə-Musa, Nadir Bayramlı, Nüşabə Ələsgərli kimi səviyyəli sənətçilər ifa edir. Bizim nəslin sənətçiləri artıq pul qazana bilmir. İndi deyəcəklər ki, bunlar pul qazana bilmirlər deyə bizə paxıllıq edirlər. Əsla! Tövbə! Heç kəs anadan qoca doğulmur ki, bizim də gəncliyimiz olub, illər ötüb, yaş keçib, onlar da qocalacaqlar. Bu əvvəl-axır hamıda baş verir, yaş ötdükcə insanlar daha cavan, gözəl müğənnilərə qaçırlar, məclisinə onları dəvət edirlər. İnsanlar üçün fərqi yoxdur dalı, üstü, gözü, dodağı selikondur, əsas odur ki, gənc olsun və efirlərdə tez-tez görünən ifaçı olsun, kişilər də ona maya buraxsın. Vəssalam! Burada sənətdən danışmağın adı yoxdur. Artıq sənəti elə öldürüblər ki, yox səviyyəsindədir”.

Sənətçi qeyd edib ki, düşünülənin əksinə, onlar heç də hər gün toy məclislərində iştirak etmirlər, hətta bəzən aylarla işsiz qalmalı olurlar: “Biz müğənnilər dövlətdən nə maaş alırıq, nə də təqaüd. Biz ancaq camaatın əlinə baxırıq. Yenə də qurban olum xalqımıza! Bizi xalqımız dolandırır. Mən deputatlar kimi aya 5 min maaş alsam, sevincimdən papağımı göyə ataram, bilərəm ki, balalarımı onunla dolandırıram. Biz 1 ay Ramazanda, 2 ay Məhərrəmlikdə ac qalırıq. Heç bizim borclarımızdan danışan yoxdur. Müğənniləri milyonçu bilənlərin başına bizim sağ əlimiz olsun!” 

29.12.2023 15:30
show 439