Siyavuş Novruzov

Siyavuş Novruzov kimdir? - Maşın sürə bilməyən DEPUTAT

Lent.az “Bioqrafiya” rubrikasında deputat Siyavuş Novruzovun həyatından bəhs edir.

- Siyavuş Novruzov harada və nə zaman anadan olub?

1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. 

- Siyavuş Novruzov hansı ali təhsili alıb?

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

- Siyavuş Novruzovun hansı mükafatları alıb?

Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. 1-ci dərəcəli «Vətənə xidmətə görə» və «Şöhrət» ordenləri ilə təltif edilib. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

- Siyavuş Novruzovun siyasi karyerası necə başlayıb?

1990-cı ildən «Əlincə» Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi , 1994–1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996–1999-cu illərdə Təşkilat şöbəsinin müdiri, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü, dördüncü, beşinci, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

- Siyavuş Novruzov ailəlidir?

Evlidir, 2 övladı var. Həyat yoldaşı ombudsman Səbinə Əliyevadır.

- Siyavuş Novruzovun baməzə kəlamları tez-tez gündəmə gəlir. O bundan narahat olur?

Yox, əksinə özünə haqq qazandırır. Bir müsahibəsində “o sözləri deməsəydim reklam olmazdı, indiyə qədər danışılmazdı. Kim necə dərk edirsə eləsin. Üstümü unlu görüb adımı dəyirmançı qoyurlar. Azərbaycandan Amerikaya təhsil almağa ilk mən getmişəm – düz 3 dəfə.  Sertifikatlarım,  diplomlarım var. Avropanın hər yerində seçki kurslarında olmuşam. İndi hamı öyünərək 1 aylıq kursunu ali məktəb kimi göstərir. Onlardan 50-ni qurtarmışam, divara düzsəm diplomlarımdan yer qalmaz. İzləyicini ilk 20 saniyədə cəlb eləmək dərslərini keçmişik. Nəyisə deyirəmsə, bu bilməməzlik deyil, taktikadır. Məsələn, veteran pulları ilə bağlı “veteranların da 1 abbasını verin” dedim hər yerdə işıqlandırıldı. Biri dedi veteranı Məşədinin hambalına oxşadır, biri dedi təhqirdir. Əsas məsələ o idi ki, o mövzuya diqqət yönəltdik” deyib.

- Deputatlıqda keçən uzun illər onu dəyişib?

Bu suala bel cavab verir: “Həmişə sadə insan olmuşam, indi də eləyəm. Yaxından tanıyanlar bilir, necə varamsa elə də görünürəm. Mən dəyişən adam deyiləm”.

- Siyavuş Novruzova  Əfqanıstan müharibəsi veteranıdır. Ölümlə üzləşib?  

Bəli. Bu suala belə cavab verib: “Dəfələrlə. 1987-ci ildə hərbi xidmətə getdim, ona qədər idmanla çox ciddi məşğul olurdum. Əsgər gedəndə güləş üzrə idman ustalığına namizəd idim. Mənim kimi fiziki hazırlıqlı oğlanları apardılar hərbi məktəbdə hazırlığa. 6 ay hazırlıqdan sonra da Əfqanıstana. Sovet qoşunları Əfqanıstana girəndə və çıxanda çox böyük itki vermişdi. Qoşunlar ölkəyə daxil olanda yerlilər mübarizə aparırdılar ki, girməsin. Çıxanda isə ailəsində öləni olmuş əfqanlar qanlı qisas almaq üçün ova başladılar. Adətlərinə görə, kişi qisasını almasa ona namussuz kimi baxırdılar. Ona görə  bütün əfqanlar başlamışdılar intiqam üçün əsgər ovuna. Ən azından bir əsgər öldürməli idi. Zabit, tank vursaydılar, lap qəhrəman sayılırdılar. Rus ordusu ölkədən 100 tankla çıxmalı idisə, kalonda onun 30-u qalırdı, qalanını məhv edirdilər. Yuxarı rütbəli əsgər idim və ölüm bizi arxamızca, addım-addım izləyirdi. Əfqanıstandan qayıdandan sonra ailəm hərbiyə qayıtmağıma mane oldu, hüququ seçməli oldum. Bakıya gələndən sonra da Qarabağ hadisələri başladı. Hərbi döyüş təcrübəmiz var idi. Tez-tez gedirdik döyüş bölgələrinə. Biz əliyalın təlim keçmiş hazır silahlı-sursatlı ordu ilə vuruşmuşuq”.

-  Siyavuş Novruzov sevərək ailə qurub?

Bu suala da “bəli” deyərək cavab verib. “Əlbəttə. Mən müstəqil adam olmuşam. Ata evimdən 17 yaşımda çıxdım və ondan sonra sərbəst yaşamışam”.

- Səbinə xanımın Ombudsman olmasında Siyavuş Novruzovun rolu olub?

“Yox. Onun öz fəaliyyəti olub. Konstitusiya məhkəməsində işləyib. Pillə-pillə gəlib bu yerə” deyə deputat bir müsahibəsində deyib.

- Siyavuş Novruzovun övladları nə işlə məşğuldur?

İki övladı var. Oğlu Universitetdə hüquq fakültəsində oxuyur, qızı hələ orta məktəbi bitirməyib. 

-  Siyavuş Novruzovun evində köməkçi var?

Yoxdur. “Ehtiyac da yoxdu. Evdə adam tapılmır axı. Hamı səhər çıxıb axşam qayıdır” deyə o bildirib.

- Siyavuş Novruzov birdən-birə xeyli kilo verdi. Bu xüsusi pəhriz nəticəsində oldu, ya plastik cərrah toxunuşu?

“Yox idmanla arıqladım. Mən daim idmanla məşğul oluram. Bizdə bu da problemdir. Arıqlayırsan deyirlər xəstələnib, kökəlirsən deyirlər, buna bax, gecə-gündüz yeyir. Heç vaxt əməliyyat olmamışam. Hərbidə aldığım yaralar istisna olmaqla” deyə deputat bildirib.

 -  Siyavuş Novruzov idmanla məşğul olur? 

 Bəli. Yeriyir və üzür.

- Siyavuş Novruzov maşın sürür?

- “Heç vaxt sürməmişəm. Tank sürmüşəm, BTR sürmüşəm, maşın sürməmişəm. Əvvəl həvəsim olmayıb, sonra ehtiyacım” deyə cavab verib bu suala. 

- Siyavuş Novruzov dindardır?

Bəli. Məkkə və Mədinədə ziyarətdə olub, Əl- Əksa məscidinə və Kərbəlaya getmək arzusu var.

- Siyavuş Novruzovun ən böyük peşmanlığı nədir? 

“Ən böyük peşmanlığım bu olub ki gərək hərbini atmayaydım. Sevdiyim işlə məşğul olardım. Hərb sənəti ilk sevgim olub. Mən hətta, Tovuz hadisələrindən sonra hərbi komissarlığa yazılı müraciət etdim ki, zabit kimi döyüşə getmək istəyirəm. Bütün güzəştləri, işimi kənara qoyub getmək istədim, qeydiyyata götürdülər, amma çağırmadılar” deyib.

 

03.07.2024 21:09
show 382