6416e2d013008202303232416

Şeyxin qudası: “Evdə nəvələrimə tapşırmışam ki, Allahşükür babanızdan heç nə istəməyin”

Sabiq deputat Qalib Salahzadənin bu il növbəti dəfə Həcc ziyarətinə getməsi ilə bağlı verdiyi açıqlama birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onun belə bir açıqlama verməsini tənqid edib, dəfələrlə Həcc ziyarətinə getmənin artıq xərc olduğunu və ora sərf edilən məbləğin xəstələrə, imkansız ailələrə verilməsini məqsədəuyğun hesab etdiklərini bildiriblər.

Globalinfo.az-a danışan Qalib Salahzadə deyib ki, hər il Həcc ziyarətinə getmək onun böyük arzusudur:

“Allah izn verərsə, bu il 34-cü dəfə Həcc ziyarətinə gedəcəyəm. Sosial şəbəkələrdə bildirilən iradlarla razıyam. Amma onlar mənim yardım etmədiyimi haradan bilir?! 1985-ci ildən bu günə kimi əlimdən gələn yardımı etmişəm və edirəm. Adam var, bir dana kəsib, başlayır bütün efirlərdə bunu danışmağa. Adam etdiyi yardımı reklam etməz”.

Q.Salahov deyib ki, Həccə getməsinin sayını gizlədə bilməz:

“Necə yalandan deyim ki, bu il Həcc ziyarətinə getməyəcəyəm?! Axı mənimlə gedən insanlar hər şeyi görürlər. Sabah çıxıb desəm, getmirəm, məni söyərlər ki, yalan danışır. Allahın evini ziyarət edən zaman dua edirəm ki, gələn il də gəlib burada namaz qıla bilim. Hər dəfə dövlətimizin salamat olmasını arzu edirəm”.

Sabiq deputat bu günə qədər qudası, QMİ sədri, Qafqazı şeyci Allahşükür Paşazadədən dəstək almadığını bildirib:

“Şeyxdən bu vaxta kimi heç bir şey qəbul etməmişəm. Hətta evdə nəvələrimə tapşırmışam ki, Allahşükür babanızdan heç nə istəməyin. Şeyx özü də bunu gözəl bilir. Bizim qohumluğumuz hədiyyə üzərində qurulmayıb. Mən 30 il ərzində 500 nəfər Həcc ziyarətinə yola salmışam. Ona görə də, qudamdan jestlər qəbul etmirəm”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər təyin edib. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları, yəni 9775 manatdır.

19.03.2023 14:23
show 1008