photo_69555908

Şeyx Əbdül teleaparıcıları TƏNQİD ETDİ: “Reytinq qazanmaq üçün hoqqa çıxarırlar”

“Zaur Kamal verilişində müğənni Afşin Azərini reytinq qazanmaq üçün qovub”.

 

Bunu Modern.az-a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.


Tanınmış teleaparıcının efirdə qonağa hörmətsizlik etməsinin yolverilməz olduğunu deyən kinorejissor ARB telekanalının cəzalandırılmasını tələb edib:

 

“Mən o verilişə, ümumiyyətlə, televizora baxmıram. Verilişlər, onların mövzuları mənasızdır, məni maraqlandırmır. Televiziya məkanı o qədər cansıxıcı, şablondur ki, qəsdən hoqqa çıxarırlar ki, diqqət çəksin”.

 

Xalq artisti ARB TV-nin digər tanınmış aparıcısı Xoşqədəm Hidayət qızını da tənqid edib: “Xəstəni çarpayıya “skoç”layıb verilişə gətirirdilər. Ayıbdır. Zaur da onun kimi. İzlənmə qazanmaq üçün hoqqa çıxarırlar. Bu da telekanalları hörmətdən salır”.

 

Kinorejissorun fikrincə, indiki halda xəbər əldə etmək istəyən şəxs bunun yolunu tapacaq, ən yaxşısı kanalların bağlanmasıdır: “Bu gün hava xəbərlərinə də etibar yoxdur. İstədiyin bölgəyə zəng edib, havanın necə olduğunu öyrənə bilərsən. İndi telekanalların vəziyyəti pis gündədir. Belə olan halda həmin aparıcının efirdən qonağı qovması da təəccüblü deyil. Əgər qovulma səhnəsinin efirə getməsini istəməsəydilər, kameranı çevirə bilərdilər, ya da səs rejissoru səsi kəsə bilərdi. Burada təkcə günahkar Zaur deyil, telekanalın əməkdaşları da, rəhbərlik də təqsirlidir. Mənim fikrimcə, bütün heyət işdən qovulmalıdır”.

 

Qeyd edək ki, ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

 

30.06.2022 17:10
show 231