SENSASİYA - Üçüncü Qarabağ savaşı başlayır?
“Müharibədə məğlub olan ölkənin sürətlə silahlandırılmasına qalib ölkə dözə bilməz”.Türkiyənin hakim partiyasına yaxın "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Karagülün "X" sosial şəbəkəsində paylaşdığı status Azərbaycan gündəmini silkələyib.
O, paylaşımında qeyd edib ki, bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci böyük müharibə başlaya bilər.
Qlobal.net bildirir ki, əslində baş redaktorun statusunda ( I Qarabağ müharibəsi 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi davam edib) III Qarabağ savaşı nəzərdə tutulmalı idi.
Karagülün fikrincə, yeni savaşı önəmli xarici amillər diqtə edir.Türkiyənin tanınmış analitiklərindən və hörmət edilən təhlilçilərindən sayılan İ.Karagülün açıqlamasının mətnini olduğu kimi gözdən keçirək: "Türkiyə və Pakistanın Azərbaycana verdiyi hərbi dəstəyə qarşı;
Hindistan, İran və Fransa Ermənistana ağır silahlar göndərir.
Bu payız-qış dönəmində ikinci dəfə müharibə başlaya bilər.
Amma bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər.
Onsuz da belə bir “bəhanəyə” ehtiyac var.
Şərq qapısı bu dəfə geniş açılmalıdır".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Karagülün dediklərinə Ali Baş Komandanın günlər öncə Şuşadan verdiyi mesajlardan sitat gətirməklə mövqe bildirib: “Prezident İlham Əliyev Şuşa Qlobal Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın onunla Londonda niyə görüşmək istəmədiyini anlamadığını belə izah etdi ki, Paşinyan Azərbaycanın dövlət başçısı ilə görüşmək istəmirsə iki ölkə arasında sülh necə əldə olunacaq? Ritorik sualdır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sülh sazişinin mətni 80-90 faiz hazırdır. Dövlət başçısı Ermənistanın Qarabağla bağlı bəndin çıxarılmasına razı olduğunu bildirdi. Ancaq İrəvan Bakının iki şərtini yerinə yetirmək istəmir. Bakının birinci tələbi Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələbi isə Minsk Qrupundan imtinanın birgə elan edilməsidir. Görünür, Paşinyan bu iki tələbin yerinə yetirilməsinin onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir. Halbuki, bu iki şərt yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. Sülhə bircə addım qalıb. Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, əks halda vaxtın bu şəkildə uzanması gərginliyi artıracaq. Sərhəddə gərginliyin artması və Ermənistanın təxribatları, o cümlədən sürətlə silahlanması yeni müharibəyə səbəb ola bilər. Ermənistan hakimiyyəti və cəmiyyəti İkinci Qarabağ müharibəsinin nəticəsini tez unutmağa başlayıb. Biz yeni müharibə istəmirik, ancaq keçmiş işğalçının sürətlə silahlanmasına və təxribatlarına seyrçi qalmayacağıq. Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın təxribatları və bu ölkəni silahlandıranlarla bağlı son sərt bəyanatı baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini düşündürməlidir. Müharibələrdə məğlub olan dövlətlər qalib dövlətlərin şərtlərini qəbul etmək məcburiyyətindədirlər, yaxın və uzaq keçmişin müharibə nəticələri də bundan xəbər verir”.
Mərkəz keçmişdəki dəhşətli I və II dünya müharibələrindən tarixi faktlar səsləndirdi: "Birinci Dünya Müharibəsi 3 böyük imperiyanın dağılmasına səbəb oldu, çünki üçü də məğlub olmuşdu. İkinci Dünya Müharibəsinin nəticəsində qalib ölkələr Almaniyanı müxtəlif parçalara böldülər, Yaponiyanı məğlub edən ABŞ bu ölkənin Konstitusiyasını özü yazdı. Azərbaycanın da qalib ölkə kimi şərtlər irəli sürmək hüququ var. Azərbaycan qalib ölkə olmasına rəğmən, Ermənistana beynəlxalq hüquq çərçivəsində sadə tələblər irəli sürüb: 1. Silahlanmanı durdur və sərhəddə təxribatlara son qoy; 2. Azərbaycana ərazi iddiasını ehtiva edən Konstitusiyanı dəyişdir. Bu ikisi yerinə yetirilməyənə qədər bölgədə vəziyyətin normallaşacağını söyləmək çətindir. Müharibədə məğlub olan ölkənin sürətlə silahlandırılmasına qalib ölkə dözə bilməz”. (Musavat.com)