silah

Sensasion AÇIQLAMA: "Türkiyə HHM sistemləri Azərbaycanda yerləşdirilə bilər"

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdi. Səfərin və belə bir əlamətdar mərasimin məhz Zəngilan rayonunun işğaldan azad olunduğu günə təsadüf etməsi isə, təsadüfdən daha çox zərurət idi. Çünki Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəngilan hava limanının açlışında iştirakı tarixi hadisənin əhəmiyyətini artırmaqla yanaşı, dünyaya mühüm mesajlar verdi. Son günlər hərbi-siyasi proseslərin daha geniş sferada cərəyan etməsi, həm də iki ölkəyə düşmən mövqe sərgiləyən ölkələrə ismarıc idi.

Qeyd etmək yerinə düşər ki, 2000-ci ildə İran qırıcıları Azərbaycanın hava məkanını pozub, Xəzər dənizinin üzərindən təhdidedici uçuşlar həyata keçirirdi. O vaxt məhz Türkiyə qırıcıları Bakıya gələrək İranın qarşısını aldı. İranın indi də sərhədlərimizdə təlim keçirməsi, Fransa və digər ölkələrin Azərbaycan əleyhinə absurd bəyanatlar səsləndirməsi fonunda Ərdoğanın səfəri, həm də mövcud aqressiyanı dağıtmaq baxımından önəm daşımış oldu.

Konkret.az-a danışan türkiyəli ekspertlər səfərin mahiyyəti, verilən mesajlar, gələcək perspektivdə vəd edilən üstünlüklər, İranla sərhəddə hava məkanına nəzarətin bərpa edilməsinin strateji əhəmiyyəti, Türkiyəni bu istiqamətdə rolu və digər amillərdən söz açıblar.

yucelkarauz.jpeg (38 KB)

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Zəngilan hava limanının açılışı və açılışda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı özündə bir neçə mesajları ehtiva edirdi:

 “Səfərin birinci mesajı Amerika Birləşmiş Ştatları, Fransa və İran kimi Azərbaycana təhdid yaradan ölkələrə idi. Təbii ki, Qarabağın qısa zaman kəsiyində abadlaşdırılması, yenidən qurulması, iqtisadi, sosial və mədəni baxımdan bərpa edilməsi və bu fonda Türkiyə ilə Azərbaycanın bərabər olduğunun nümayiş etdirilməsi də önəmli idi. Çünki Türkiyə ilə Azərbaycanın qədəri artıq bərabərdir. Yəni, Türkiyə ilə Azərbaycanın birlikdə addım atması, güclərini birləşdirməsi və bu birlikdən həm Qafqazda, həm Türk Dövlətləri Təşkilatında tandem yaratmaq, həm də dünyada sülh və sabitliyə tövhə vermək baxımından bir yerdə olmaqdan başqa çarələri yoxdur. Çünki bərabər və güclü olmasaq, ürək-ürəyə, çiyin-çiyinə, beyin-beyinə verməsək və 83 milyonluq Anadolu camaatı ilə 10 milyonluq Azərbaycan xalqı bütövləşməsə, istər bizi maraqlandıran milli mübarizələrimizdə, istərsə də regional proseslərdə aktiv rola ala bilmərik”.

“Təbii ki, Azərbaycanın İranla sərhəddə hava məkanına nəzarəti yenidən ələ alması, 28 il ərzində təxminən 130 kilometrlik İran- Azərbaycan sərhədinin işğal altından olmasına sükutla yanaşanlar və planları baş tutmayanlar üçün mühüm əhəmiyyətə malikdir. Çünki 28 il ərzində İran-Azərbaycan sərhəddinin işğalına səsini çıxarmayanlar, bu gün İran-Ermənistan sərhəddinə heç bir mənfi təsiri olmayan Zəngəzur dəhlizinə və gələcəkdə orada meydana gələcək proseslərə qarşı sərt münasibət göstərirlər. Onlar Azərbaycan torpaqlarının işğalı dövrü ərzində səhv addımlar atsalar da, heç bir nəticə çıxarmadılar və postmüharibə dövründə də eyni səhvlərini təkrar edirlər”-deyə, keçmiş hərbi attaşe vurğulayıb.

Onun sözlərinə görə, regiondakı hava limanları iqtsadi inkişaf və logistik mərkəzlərin açılması baxımından da əhəmiyyətlidir: “Qısa müddət ərzində Qarbağda ikinci hava limanının açılması həm Azərbaycan, həm Türkiyə, həm də bütün Türk dünyası üçün böyük bir uğurdur”.

“Türkiyə və Azərbaycanın nə İranın, nə də Ermənistanın ərazisində gözü var. Türkiyə və Azərbaycanın əməkdaşlığı özlərinin maraqları və beynəlxalq hüquqla təyin edilən sərhədlərini qorumaq, həmçinin inkişaf və sülh yönümlüdür. Bizim başqa məqsədimiz yoxdur. Bundan sonra da beynəlxalq hüquqla təyin olunan sərhədlərimizi, hüquq və maraqlarımızı birlikdə qorumağa davam edəcəyik”, – türkiyəli general fikrini yekunlaşdırıb.

Türkiyəli politoloq Engin Özer isə bildirib ki, Zəngilan hava limanı regionun inkişafı və əcnəbi iş adamlarının sərmayə yatırması baxımından faydalı olacaq:

 “Amma hava limanları təkcə iqtisadi potensial baxımından yox, həm də strateji əhəmiyyətə malikdir. Çünki müharibə və hərbi qarşıdurmalar zamanı hava limanları hərbi hava məkanları kimi də istifadə edilir. Bu da ərazilərin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə hava limanlarının açılması Azərbaycan ordusu üçün həm də bu istiqamətdə faydalı ola bilər. Yəqin ki, bu amil nəzərdən keçiriləcək”.

“Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması üçün Ermənistana hərtərfli təzyiqlər davam edir. Lakin regionda bu istiqamətdə əsas problem İran-Azərbaycan əlaqələridir. Zəngəzur dəhlizinin açılmasına qarşı olan əsas ölkə məhz İrandır. Çünki Rusiya ilə bəzi məqamlarda razılaşmaq mümkündür. Məsələn, Rusiya məhsullarının Zəngəzur dəhlizi vasitəsi ilə, yəni, Naxçıvan yoluyla Türkiyəyə çatıdırlması Rusiya üçün üstünlük vəd edir. Amma İran israrla bu prosesə qarşı çıxır. Sözügedən səfər həm də bu prosesdə də Azərbaycanla Türkiyənin birlikdə addım atacağı mesajını verirdi”, – deyə Özer bildirib.

“Hər nə qədər arzu etməsək də, yaxın günlərdə Azərbaycanla İran arasında gərginlik yaşana bilər. Çünki İran hakimiyyəti Azərbaycanı İsraillə strateji əməkdaşlıq etməkdə ittiham edir. Amma İran unutmasın ki, Azərbaycan müstəqil bir ölkədir və xarici siyasətini İranın təhdidləri ilə deyil, şəxsi maraqlarına görə, həyata keçirir. Bu baxımdan, nə ən yaxın müttəfiqi Türkiyənin, nə də başqa bir ölkənin Azərbaycana xarici siyasəti ilə bağlı təzyiq etmək haqqı var. Amma İran bu gün Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir və PUA-larının, müxtəlif raket sistemlərinin inkişaf etdiyini göstərir. Buna görə də, Azərbaycan bunun qarşısını almaq məcburiyyətindədir və bu baxımdan hava hücumundan müdafiə sistemləri yenilənməlidir. Azərbaycan bu gün təhdid kimi Ermənistanı yox, İranı görməlidir”, – deyə türkiyəli analitik fikrini əsaslandırıb.

Ekspert hesab edir ki, Türkiyə hava hücumundan müdafiə sistemləri inkişaf edən bir ölkədir və bu sistemlərini Azərbacan-İran sərhəddinə yerləşdirə bilər:

“Bununla yanaşı, Türkiyənin siqnal qarışdırıcı sistemleri var ki, bunları da Azərbaycana göndərə bilər. Həmçinin, Azərbaycanın İranın havadan təhdidlərinin qarşısını almaq üçün radar sistemlərinə də ehtiyacı var. Türkiyə bu təhdidlərin də qarşısını almaq üçün Azərbaycana dəstək verə bilər. Bütün bu hərbi inkişaf və dəstək isə hücum məqsədi ilə deyil, müdafiə məqsədiylədir. Çünki Zəngəzur dəhlizinin açılmaması üçün İranın edə biləcəyi mümkün həmlələrin qarşısını ancaq hərbi cəhətdən almaq mümkündür”.

“Onu da qeyd edim ki, Ərdoğanın Zəngilan səfərinin məqsədi hava limanının açılışı ilə bağlı olsa da, Qarabağa sərmayələr yatıran türk çoxsaylı iş adamlarının təhülkəsizliyinin qorunacağı ilə bağlı imarıcların verilməsi baxımından da əhəmiyyət kəsb edirdi: “Zəngilan hava limanı Qarabağda istifadəyə verilən ikinci hava limanıdır. Üçüncü hava limanı isə Laçında olacaq. Bu da o deməkdir ki, artıq regionda heç bir qarşıdurmanın olması istənilmir və dünyaya, regionun təhlükəsizliyini təmin edəcək xarici investisiyalara açıq olduğu göstərilir”.

21.10.2022 11:05
show 381