Sənədsiz ev və obyekt sahibləri cərimələnəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır. İnzibati
Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti
orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun
icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən
tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə
görə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə
cərimələnəcək. Həmçinin eyni əmələ görə vəzifəli şəxslər iki min beş yüz
manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
İnzibati
Xətalar Məcəlləsinə təklif edilən yeni müvafiq maddəyə əsasən,
barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin
başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı
olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə
xəbərdarlıq olunacaq və ya onlar 300 manatdan 500 manatadək məbləğdə,
vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər
15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə
tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə
mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə
yaranacaq.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a
açıqlamasında bildirib ki, özbaşına tikinti işlərinin aparılmasına görə
cərimələmə tikinti mərhələsində həyata keçirilirsə, bu gələcəkdə
qanunsuz evlərin sayının artmamasına müəyyən qədər təsir edə bilər.
Əgər bu cərimələr artıq tikilən fərdi yaşayış evlərinə də şamil
ediləcəksə, bu, məsələyə düzgün yanaşma deyil: “Qeyd
edim ki, hazırda Bakı və Abşeronda çıxarış ala bilməyən yüz minlərlə
tikili var. Onların hətta dəqiq statistikasını belə aparmaq mümkün
deyil. Əksər sakinlərdə torpaqların təyinatı fərqlidir. Bir qismi isə
torpağı bələdiyyədən alıb və bələdiyyə sərəncamı ilə ev tikib. İndi isə
çıxarış ala bilmir. Sən demə, o ərazilər bələdiyyə torpağı deyilmiş.
Özbaşına tikinti o demək deyil ki, hansısa bir vətəndaş istədiyi yerdə
gedib özünə ev tikir. Hansısa qurumla razılaşır, torpaq alır, tikinti
üçün ödəniş edir. Sadəcə, ona satılan torpaq təyinatlı olmadığı üçün son
mərhələdə çıxarış ala bilmir. Özbaşına tikinti işlərinin aparılmasına
görə cərimələri artırmaqla bu cür qanunsuzluqlara son qoymaq mümkün
olmayacaq. Bu vəziyyətdə ən doğru yol sənədsiz evləri qeydiyyata alıb
çıxarış verərək onları vergiyə cəlb etməkdir. Sənədləri olmasa da,
insanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər.
Həmin ərazilərdə çıxarışların olmaması səbəbindən vətəndaşlar çox
əziyyət çəkir. Ən başlıcası isə bələdiyyə və dövlət büdcəsi vergilərdən
yararlana bilmir. Çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə
vergi toplaya bilsin. Hesab edirəm ki, məsələyə bu prizmadan
baxılmalıdır”.