Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gələcək.
Məmmədyarov I turda Vesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III və IV turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Daniel-Deakla (Rumıniya) heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 1,5 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.