662c842f53025202404245055

Şəhid xanımı qəzəbləndi: “Bunun bizə heç bir aidiyyəti yoxdur”

Artıq Azərbaycan və Ermənistan arasında delimitasiya işləri aparılır, sərhədlər müəyyənləşir və sülh prosesində müsbət addımlar atılır. Maraqlıdır, əgər sülh prosesindən sonra iki ölkə arasında buzlar ərisə, gediş gəliş və yaxınlıq yaransa, bu, şəhid ailələri və qazilərə necə təsir edəcək, onların bu proseslərə münasibəti necə olacaq? 

"Murov qartalı", şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşüb: “İki ölkə arasında buzlar ərisə də, xalq, xüsusilə də bizlər arasında bu heç vaxt baş verməyəcək və qəbul olunmayacaq. Biz ermənilərin xalqımıza, bizə qarşı olan nifrətini hər gün sosial media vasitəsilə ilə görmüş oluruq. Ona görə də, heç vaxt bu yaşananları yaddan çıxarmayacağıq, unutmayacağıq. Başımıza gələnləri hər zaman xatırlayacağıq. Kim necə istəyir düşünsün. Bu cür fikirlərin bizə heç bir aidiyyəti yoxdur”. 

Məsələyə psixoloq İlhamə Mustafayeva da münasibət bildirib. 

O, Yenisabah.az-a açıqlamasında bu fikirləri qeyd edib: “İnsanlar dünyaya bir dəfə gəlir, hər kəsin bu dünyada normal, xoşbəxt yaşama haqqı var. Kaş ki, müharibələr, sərhədlər olmasaydı, bütün yer planetinin sahibləri bərabər şəkildə xoşbəxt, firavan  yaşasaydılar. Amma çox təəssüflər olsun ki, müharibələr olur, qanlar tökülür, canlar gedir, analar gözü yaşlı qalır, uşaqlar yetim böyüyür. 

Azərbaycan və Ermənistan arasında olan münaqişələr bu günün münaqişəsi deyil. Tarix boyu yara aldığımız, şəhid verdiyimiz, elimizdən obamızdan didərgin düşdüyümüz, acılarla dolu xatirələrə və yaddaşa sahib olduğumuz məsələdir. Bizim onlarla bir arada heç nə olmamış kimi yaşamağımız ağır və çətin mövzudur. Bunu bir də illərlə qazandığını bir anda itirmiş, elindən-obasından didərgin düşmüş insanlara sormaq lazımdır. Nə qədər soydaşımız vətən həsrətinə dözməyib həyatını itirdi. Viran edilmiş evləri tikən ana-ataların çoxu artıq bu dünyada yoxdur. Onların övladlarının həmin yerləri ziyarət edərkən aldıqları travmalar çoxdur, hələ qaçqınlıq travmasını demirəm. Biz bir xalq olaraq çox əziyyət çəkdik, çox travmalar aldıq. Bizim Xocalı boyda ağır yaramız var. Bunlar asanlıqla nə silinəndir, nə də yaddan çıxan. 

Azərbaycanlılarda ermənilər haqqında kodlanmış düşüncələri var ki, bu kodlar hələm-hələm qırılmaz. Onlar tarix boyu “tülkü” cildinə girib bizim mərhəmətimizdən, xeyirxahlığımızdan, qonaqpərvərliyimizdən sui-istifadə edərək, həmişə bizi arxadan vurublar. Bizim onlara bir millət olaraq güvən hissimiz yoxdur. Nə zaman, haradan, necə zərbə vuracaqlar deyə həyəcan və təşviş hislərimiz var. Rahat şəkildə onlarla bir arada olmaq ancaq kiminsə şəxsi individuallığına qalmış məsələdir. Amma bütöv bir xalq olaraq bunun mümkün olması psixoloji baxımdan asan deyil. 

O ki qaldı balasını itirən insanın buna anlayış və dözüm göstərməsinə, bu çox çətin məsələdir. Çünki psixoloji olaraq itki travması arasında ən ağırı övlad itkisidir. Bunu da ancaq övladını itirmiş analar, atalar bilər. Bir şəhid həm də bir bacının, bir qardaşın, bir balanın, bir nişanlının, bir həyat yoldaşının, bir dostun, bir qohumun, bir qonşunun və s. nə qədər insanın həyatına nə qədər travmatik dəyişim qatmaqdır. Bu bir də həmin insanlara sormaq lazımdır. Hələ ayağını, qolunu itirmiş, ömür boyu adi fiziki ehtiyaclarını ödəmək üçün belə birilərindən asılı olan qazilərimizi demirəm. 

Ümümiyyətlə, bu mövzu çox ağır mövzudur. Bunun ağırlığını yalnız hiss edib yaşayanlar bilər”. 

27.04.2024 10:33
show 3598