“Azərbaycanın İrandakı səfirliyində çalışan bütün əməkdaşların qətlə yetirilməsi planlaşdırılmışdı”.
Bunu Sfera.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib. Millət vəkili terror hadisəsi ilə bağlı araşdırma nəticələrinin reallığı əks etdirəcəyindən şübhə etdiyini ifadə edib:
“İran həmişə terror yuvası olub və terrora dəstək olan əsas ölkələrdən biridir. İranda heç bir səfirliyin, o cümlədən də Azərbaycan səfirliyinin diplomatik nümayəndəliyinin toxunulmazlığına zəmanət yoxdur. Bu ölkədə indiki hakimiyyət terrorçu dəstələr yaradıb və həmişə arxasında dayanıb. Bu günə kimi bir çox beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror aktı törədilib. Azərbaycana qarşı törədilən bu terror aktına görə də İran tərəfindən obyektiv araşdırma gözlənilir və tezliklə nəticələr təqdim olunmalıdır. Amma istənilən halda İranın bu hadisəni obyektiv araşdıracağına ümidlərimiz azdır. Ona görə ki, İranın ümumilikdə Azərbaycana qarşı qərəzli mövqeyi, əsassız ittihamları, ikitərəfli münasibətləri gərginləşdirməsi bu dövlətə qarşı inamsızlıq yaradır. Hadisəni törədən şəxs İran vətəndaşıdır. Əlbəttə ki, onun İranın Xüsusi Xidmət Orqanları, SEPAH-la əlaqəli olmasına dair şübhələr var. Səfirliyimizin əməkdaşı hücumun qarşısını almasaydı, çox güman ki, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı”.
Deputat terror hadisənin baş verdiyi ərazilərdə İran polis qüvvələrinin olduğunu, lakin məsələyə müdaxilə edilmədiyini vurğulayıb: “Təbii olaraq, həmin ərazidə polis qüvvələri var və yaxınlıqda olan polisin terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməməsi diqqət çəkir. Çox təəssüf ki, İran məsuliyyəti öz üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Guya ki, hadisə məişət mövzusunda baş verib və s. İran bu kimi yalan məlumatlar yaymaqla İran Xüsusi Xidmət Orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayınmasına çalışır. Beynəlxalq qanunvericiliyə uyğun olaraq istənilən ölkənin diplomatik nümayəndəliyinin qorunması məsuliyyətini İran daşımalıdır. Buna görə də hücumda məsuliyyət İran hökumətinin üzərinə düşür. Terroru törədənlər bununla Azərbaycana təzyiq göstərəcəklərini düşünürlər. Əlbəttə, yanılırlar. Azərbaycan bundan sonra da qətiyyətli addımlar atacaq və milli maraqlara söykənən siyasətini davam etdirəcək”.