6422aaa757413202303235151
Səfirdən Azərbaycan millisi ilə bağlı şok açıqlama: "Dollardan, polyak qızlarından danışırdılar..."

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev ötən gün İsveçə 0:5 hesabı ilə uduzan milli komandamız barədə danışıb. 

Qlobal.net "Sfera.az"a istinadən xəbər verir ki, o, 18 il öncə Polşaya 0:8 hesabı ilə uduzan yığma barədə açıqlaması ilə gündəm olub:

“Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın  müdafiə naziri  Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub “Bu futboldur. Hər dəqiqə hər şey dəyişə bilər”, dedi. Dördüncü qol vurulanda isə “Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan” deyib ürək-dirək verdi. Sonrakı qollar vurulanda daha  heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reysilə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil, 0:8 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi “Uduzacağımızı bilirdim. Amma daha belə hesabla yox”, - dedi”.

V.Quliyev vurğulayıb ki, uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda qələbə qazana bilməz: “Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir”.

28.03.2023 12:50
500