Cəmiyyət

Sədr: “Komitə sənədləşdirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynayacaq”

“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) ilk iclası keçirilib.

Bu barədə  AMEA-dan məlumat verilib.

Komitənin sədri “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov bugünkü görüşün mövcud istiqamətlərdə normativ əsasların formalaşdırılması və milli təcrübənin beynəlxalq platformalara inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Sədr diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yaradılan AZSTAND/TK 52 Texniki Komitəsi ölkəmizdə informasiya resurslarının idarə olunması, sənədləşdirmə sistemlərinin təkmilləşdirilməsi, nəşriyyat fəaliyyətinin keyfiyyətinin artırılması, eləcə də kitabxana-informasiya xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətlərində mühüm rol oynayacaq. AZSTAND/TK 52-nin əsas məqsədlərindən danışan S.Qəhrəmanov vurğulayıb ki, komitə fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasına xidmət edəcək. S.Qəhrəmanov bildirib ki, mövcud istiqamətlər üzrə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə akademiyada islahatlar həyata keçirilib, nəşriyyat və kitabxana fəaliyyəti yenidən qurulub. Sədr AZSTAND/TK 52-nin tərkibinə respublikanın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, nəşriyyat, kitabxana və mətbuat nümayəndələri ilə yanaşı, AMEA-nın da alim və mütəxəssislərinin daxil edildiyini nəzərə çatdırıb.

İclasda komitənin sədr müavini Sərxan Xavəri çıxış edərək AZSTAND/TK 52-nin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Standartlaşdırma İnstitutunun tərkibində bir sıra komitələr var və bunlar müxtəlif qurumların bazasında təşkil edilib. Yeni yaradılan komitənin məhz AMEA-nın qurumlarından birinin – “Elm” nəşriyyatının bazasında fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin həyata keçirdiyi islahatlar çərçivəsində akademiyada bir sıra işlər görülür. Bu işlərin bir hissəsi kimi yaradılan bu komitənin fəaliyyətinin sədr və kollektivin birgə əməyi sayəsində uğurlu olacağına əminliyini ifadə edib.

Sonra komitə sədri tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) rəsmi təqdimatı və hüquqi status məsələlərinə baxılıb. Mövzu ilə bağlı çıxış edən S.Qəhrəmanov bildirib ki, standartlaşdırma elmin, texnikanın və qabaqcıl təcrübənin nəticələrinə əsaslanaraq yalnız mövcud ehtiyaclara deyil, həm də inkişaf perspektivlərinə xidmət edən mühüm strateji vasitədir. Bu sahə elmi-texniki tərəqqi ilə paralel şəkildə daim yenilənir və təkmilləşir. Ölkəmizdə standartlaşdırma fəaliyyətindən danışan sədr qeyd edib ki, Azərbaycan Standartlaşdırma İnstitutu bu istiqamətdə təqdirəlayiq işlər həyata keçirir. Həmin fəaliyyətin davamı olaraq, institutun qərarı ilə “İnformasiya, sənədləşmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitəsi yaradılıb. S.Qəhrəmanov çıxışında, həmçinin komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri, hüquqi əsasları, funksiyaları, hədəfləri, beynəlxalq əlaqələr və uyğunluq kimi məsələlər haqqında ətraflı danışıb.

İclasda təqdim olunan növbəti məsələ “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) işçi qruplarının formalaşdırılması haqqında olub. Mövzu ilə bağlı komitənin məsul katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova çıxış edib. Bildirib ki, komitənin tərkibində Terminologiya üzrə işçi qrupu və Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə işçi qrupu yaradılıb. Məsul katib qeyd edib ki, Terminologiya üzrə işçi qrupunun məqsədi informasiya, sənədləşmə, nəşriyyat və kitabxana işi istiqamətləri üzrə terminoloji vahidliyin və elmi-metodoloji dəqiqliyin təmin olunmasıdır. Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə işçi qrupunun məqsədi isə kitabxanalarda fəaliyyətin qiymətləndirilməsi üçün statistik göstəricilərin toplanması, ölçüləbilən fəaliyyət indikatorlarının müəyyənləşdirilməsi, eləcə də kitabxana xidmətlərinin keyfiyyətinin dəyərləndirəcək metodların hazırlanması və uyğunlaşdırılmasıdır. N.Cəfərova işçi qruplarının fəaliyyət istiqamətləri və əsas istinad standartları haqqında da məlumat verib.

Daha sonra komitə üzvlərinin iştirak etdiyi səsvermədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini filologiya elmləri doktoru, professor Sayalı Sadıqova Terminologiya üzrə işçi qrupunun, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Daşqın Məhəmmədli isə Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə işçi qrupunun sədri seçiliblər.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, professor Sayalı Sadıqova, Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyeva və digərləri çıxış edərək komitənin əhəmiyyətindən danışıb, müvafiq sahələrdə mövcud çatışmazlıqların aradan qaldırılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

İclasda, həmçinin “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planına baxılıb. Müzakirə edildikdən sonra cari il üzrə nəzərdə tutulan işlərin siyahısı təsdiq olunub.

Related Articles

Bir cavab yazın

Back to top button