Saqqal saxlamaq, yaxud kəsmək günahdır?

Saqqal saxlamaq, yaxud kəsmək günahdır?

Hz. Peyğəmbər (s.a.s.) saqqal saxlamağı fitrətə (təbii yaradılışa) uyğun davranışlar arasında saymışdır. Özü də saqqal saxlamış, ona gözəl şəkildə qulluq etmiş (Tirmizi, əş-Şəmail, 50 [33]), saqqalını enindən və uzunluğundan qısaltmış (Tirmizi, Ədəb, 17 [2762]) və səhabələrinə də saqqal baxımına diqqət etməyi tövsiyə etmişdir (Muvatta, Şəʿr, 7).

Qlobal.net bildirir ki, Hz. Peyğəmbərin sünnətinə riayət etmə mövzusunda diqqətli olan səhabələrdən Abdullah b. Ömər də saqqalının bir ovucdan artığını kəsmişdir (Buxari, Libas, 64 [5892]). Bu və oxşar rəvayətlərdən yola çıxaraq bəzi alimlərimiz saqqalın bir ovucdan artığını kəsilməsini müstəhəb (bəyənilən) hesab etmişlər (İbn Abidin, Rəddü’l-Muhtar, 2/417-418, 550; 6/407; əl-Fətava’l-Hindiyyə, 5/358; İbn Həcər, Fəthu’l-Bari, 10/350). Bundan əlavə, Hz. Ömərin (r.a.) də saqqalını çox uzadanlara bir ovucdan artığını kəsməyi tövsiyə etdiyi rəvayət edilir (Ayni, Ümdətü’l-Kari, 22/46-47).

Bu mövzuda hədisləri və səhabələrin tətbiqatını nəzərə alan İslam alimləri arasında saqqal saxlamağın fitri (təbii) bir əməl və tövsiyə edilən bir sünnət olduğu ilə bağlı fikir birliyi mövcuddur. Lakin saqqalın tamamilə kəsilməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzi alimlər bunu haram hesab etmiş (Dəsuki, Haşiyə, 1/90, 422-423), bəziləri isə tahrimən məkruh (harama yaxın məkruh), digərləri isə tənzihən məkruh (bəyənilməyən) olduğunu bildirmişlər (bax. İbn Həcər, Fəthu’l-Bari, 10/350; Dəmyati, İʿanətu’t-Talibin, 2/386; Zühəyyli, əl-Fiqhu’l-İslami, 1/462).

Ümumiyyətlə, "bir şeyin haram olması üçün onunla bağlı qadağan edici dəlilin sübut və dəlalət baxımından qəti (şübhəsiz) olması lazımdır" şəklindəki üsul qaydası, saqqalın tamamilə kəsilməsini məkruh sayan fikrin daha doğru olduğunu göstərir.

Buna görə, Hz. Peyğəmbərə (s.ə.s.) uyğun gəlmək məqsədi ilə saqqal saxlayan və saqqalına sünnətə uyğun şəkildə qulluq edən şəxsin bu əməlinə görə savab qazanacağı, lakin hər hansı səbəbdən bunu edə bilmədiyi üçün saqqalını qırxan şəxsin sünnətə zidd davrandığı halda günah qazanmayacağı deyilə bilər.

Fatimə
Qlobal.net

12.12.2024 23:45
show 48