Salyanda gənc oğlan azyaşlı ilə evləndi, siqaretlə ona damğa basdı... – ŞOK TƏFƏRRÜAT
Salyan rayonunda 2003-cü il təvəllüdlü Nəsimi qeyri-rəsmi ər-arvad kimi
yaşadığı, yetkinlik yaşına çatmamış Vəfaya (adlar şərti verilib – red.)
işgəncə verib.Nəsimi 2022-ci il iyulun 19-da evliliklə bağlı
təşkil olunmuş məclisdən sonra Salyan rayonunun kəndində yaşadığı fərdi
yaşayış evində on altı yaşına çatmadığını bildiyi həmkəndlisi Vəfa ilə
onun öz razılığı əsasında cinsi əlaqədə olub.
Həmin il sentyabr
ayının 20-dək müddətdə yaşadıqları evdə Nəsimi on altı yaşına çatmamış
Vəfa ilə dəfələrlə cinsi əlaqəyə girib. Bundan başqa, o, 2022-ci il
iyulun 19-da evləndikdən sonrakı günlərdən başlayaraq sentyabrın 20-dək
birgə yaşadıqları evdə Vəfanı heç bir əsaslı səbəb olmadan mütəmadi
olaraq döyüb, zorakı hərəkətlər tətbiq etməklə güclü fiziki ağrı və
psixi iztirab verib.
2022-ci il avqustin sonlarında, saat 22
radələrində Vəfaya əzab verdiyini dərk edərək bu məqsədlə siqaret
kötüyünü onun sağ əlinə basıb. Bu yanıqdan qadında xəsarət izi qalıb.
Həmin ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində isə Vəfanı
yerə yıxaraq təpiklə döyüb.
İstintaq orqanı tərəfindən Nəsiminin
barəsində Cinayət Məcəlləsinin 133.2.4 (təqsirkar şəxs üçün aşkar
surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə
qarşı əzab vermə) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı
yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər
hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi
üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş
ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vəfa ilə 19
iyul 2022-ci ildə evlənib və onun yetkinlik yaşına çatmadığını bilib:
“2022-ci
ilin avqustun sonunadək aramızda münasibətlər yaxşı olub. Tələbə
yoldaşım olan qızlarla danışanda məni Vəfa gördü. Buna görə aramızda
mübahisə oldu. Vəfa anasını, nənəsini çağırdı, onlarla evlərinə getdi.
Sonradan atası zəng edərək məni söydü, qarşılıqlı olaraq cavab mesajları
yazdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2022-ci
ildə bilet alaraq Türkiyəyə getmək istəyərkən aeroportda onun çıxışana
qadağa qoyulduğunu bilib: “Aeroportdan məni polisə gətirdilər. Salyan
Rayon Polis Şöbəsinin əməkdaşları məni Salyana apardılar.
Heç
vaxt Vəfanın əlinə siqaret basmamışam və onu döyməmişəm. Evdə anam,
qardaşım və biz yaşamışıq. Vəfanın bud nahiyəsinə xəsarətləri
yetirməmişəm. Ola bilsin ki, evdə budu harasa dəyib və xəsarət alıb.
Vəfa ilə barışmaq istəyirəm.
Vəfanın atası məni söyəndən sonra
sentyabrın sonunda həyətdə özümə qəsd etmək istəmişəm. Üstümə tibbi
spirt tökərək yandırmağa cəhd eləmişəm. Əllərim, ayağım və bədənim
yanıb. Yanğını qohumlarım söndürüblər”.
İş üzrə zərərçəkmiş
Vəfanın sözlərinə görə, iyulun 19-da Nəsimi ilə evlənib və sentyabrın
20-dək onun anasının evində yaşayıblar: “Bu müddət ərzində ər-arvad
münasibətində olmuşuq. Avqust ayının sonunda Nəsimi anası ilə mübahisə
etdi və hirsini mənə tökdü. Saat təqribən 22 radələrində siqaret çəkdiyi
vaxt mənə bezdiyini deyərək, yanan siqareti sağ əlimin arxa səthinə
basaraq saxladı”.
Zərərçəkmiş qeyd edib ki, sentyabrın
əvvələrində Nəsimi qızlarla yazışdığına görə ata evinə getmək istəyib:
“Lakin Nəsimi qoymadı. Məni vurdu və qızlarla yazışmasını boynuna
almadı. Sentyabrın 20-də Nəsimi yenə qızlarla yazışdığı üçün anama zəng
etdim və məni aparmasını istədim. Saat təqribən 23 radələrində anam
gəliərək məni apardı. Sonra Nəsimi bizə telefonda söyüşlər yazmağa
başladı. Təqribən oktyabrın 10-14 aralarında polisə şikayət elədim və
narahat olduğumu dedim. Polislər gələrək tədbir gördülər”.
Zərərçəkmiş
deyib ki, Nəsimi sentyabrın əvvəllərində evdə əli və ayağı ilə onun
buduna vurub: “Ailə olduğum üçün şikayət etməmişəm. Şikayəti
valideynlərimə nalayiq mesajlar göndərdiyi üçün etdim.
Nəsimi
hərbi xidmətə getmək istəmədiyi üçün özünü yanıdırmaq istəyib. O,
evləndiyimiz zaman mənim yetkinlik yaşıma çatmadığını bilib. Avqust
ayının sonundan sentyabr ayının sonuna kimi 3-4 dəfə məni vurub. Nənəsi
və anası da mənim bud nahiyəmdə xəsarətləri görüblər. Döyülməm barədə
məlumatları valideynlərimə deməmişəm.
Nəsimi mesajlarda bizi
təhdid və təhqir edib. Bir dəfə Nəsimi məni döyəndə anası bizi
aralaşdırıb. Nəsimi ilə 5-6 ay sevgili olmuşuq”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsimi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ümumi reşimil cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edib.
Hökmdən
narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror
təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci
maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Salyan Rayon
Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş
cəzadan daha yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin
edilməklə dəyişdirilməsini xahiş edib.
Apellyasiya protesti
onunla əsaslandırlıb ki, təqsirləndirilən şəxs on altı yaşına çatmayan
şəxsin cinsi toxunulmazlığına qəsd edərək həmin şəxsə əzab verməklə az
ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törədib.
Prokuror
qeyd edib ki, bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı,
təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyəti və əsasən də
həmin maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə
azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini şərtləndirən
amillərdir: “Lakin məhkəmə hazırkı iş üzrə cəzaya təsir edə biləcək
bütün halları araşdırmayıb, yuxarıda göstərilən hallar təqsirləndirilən
şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyinin və cinayətin
xarakterinin məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan
hallar olmasına baxmayaraq, bu halları cəza təyini zamanı nəzərə
almayıb.
Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinin sanksiyasında
2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə
tutulub. Göründüyü kimi, cəzanın minimum həddi 2 ildən başlayır. Məhkəmə
isə ittiham sübuta yetirildiyi halda hansı səbəbdən Cinayət
Məcəlləsinin 133.2.4-cü maddəsi ilə minimum həddə cəza təyin etməsi
anlaşılmaz olub.
Cinayətin xarakteri, təqsirləndirilən şəxsin
şəxsiyyəti, zərər çəkmiş şəxsin hazırkı durumu, təqsirləndirilən şəxsdən
şikayətçi olması və bu kimi təkzibolunmaz hallar təqsirləndirilən şəxsə
daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının verilməsini
şərtləndirir. Məhkəmə isə sadalanan halları, zərər çəkmiş şəxsin
mövqeyini nəzərə almadan minimum həddə cəza təyin edib”.
Prokuror
əlavə edib ki, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəzalar
ilə sosial ədalət bərpa olunmayıb, yüngül olması ilə əlaqədar islah
təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm onun, həm
də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin
törədilməsinin qarşısının alınmasına, bir sözlə, qeyd olunan cəza
ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət
etməyib.
Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən
də apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin
Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə onun
barəsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət hökmü
çıxarılmasını və özünü təqsirli bildiyi Cinayət Məcəlləsinin 152.1-ci
maddəsi ilə də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza
verilməsini xahiş edib.
Hər iki tərəfin şikayəti araşdırılması
üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim
heyəti sonda qərar elan edib.
Məhkəmə belə nəticəyə gəlib ki,
təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci
maddələri ilə düzgün ittiham verilib, həmçinin ona birinci instansiya
məhkəməsi tərəfindən ədaləti cəza təyin olunub.
Bu səbəbdən həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin edilməyib./Teleqraf.com