A-95
Aİ 95 markalı benzin ucuzlaşdı

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Bu barədə SOCAR məlumat yayıb. 

Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.

Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir.

***

Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

Qlobal.net Lent.az-a istinadla xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.

30.06.2024 19:43
show 1082