Dövlət Dumasının deputatları Rusiyada qanunsuz miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pul, əmlak və qiymətli əşyaların müsadirəsini nəzərdə tutan qanun qəbul ediblər.
Qlobal.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə əlavələr və 322.1-ci “Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə əlavələr edən qanun qəbul edilib”, – Volodin Teleqram kanalında yazıb.
O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edib ki, son bir ildə miqrasiya sahəsində cinayətlərin sayı 79,6 faiz, bu ilin yeddi ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.
"Qəbul edilmiş qərarda qeyri-qanuni miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pulların, əmlakın və qiymətli əşyaların müsadirə edilməli olduğu müəyyən edilib", - Volodin bildirib.
O əlavə edib ki, bu təşəbbüs ilin əvvəlindən Rusiyanın miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş bütün qanun layihələrinin 12-cisidir.
Qeyd edək ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Həmin şəxslərin çox hissəsi isə işləmək üçün bu ölkəyə üz tutub.