Rusiyanın Qafqaza gəlişi belə başladı: Arvadını türk sultanın yanına göndərən rus çarı və buna aldanan Osmanlı

1696-cı ildə 24 yaşlı I Pyotr uzun sürən saray mübarizəsi və qardaşının ölümündən sonra Rusiya Çarlığının tək idarəçisi oldu.O dövrdə Rusiya Avropanın texnoloji və hərbi baxımdan ən geridə qalan böyük dövləti idi.
Mart 1697-ci ildə gənc çar rəsmi mərasimlərdən və xüsusi qarşılanmalardan yayınmaq üçün “Pyotr Mixaylov” adı ilə sadə zabit paltarı geyərək Avropa turuna çıxır. Bu “Böyük Səfər” zamanı o, İsveçdən başlayaraq Prussiya, Hollandiya (gəmiqayırma sənətini öyrənir), İngiltərə və Vyanaya qədər gedir. Bir il yarımdan sonra vətəninə dönən Pyotr öyrəndiyi bilik və təcrübələri dərhal tətbiq etməyə başlayır.
Dahi çar islahatları mədəniyyətdən idarəçiliyə, ordudan saqqal kəsiminə qədər hər şeyi sıfırdan dəyişdirir. Onun əsas məqsədi Rusiyanı strateji dənizlərə çıxarıb Avropaya bağlamaq idi. Lakin Qara dəniz Osmanlı və Krım xanlığının, Baltik dənizi isə güclü İsveç Krallığının əlində idi.
1700-cü ildən sonra Pyotr modernləşdirilmiş ordusunu İsveçə qarşı yönəldir. Həlledici Poltava savaşında (1709) Rusiya böyük zəfər qazanır. Məğlub İsveç kralı XII Karl sığınacaq tapmaq üçün Osmanlı İmperiyasına, Bender qalasına qaçır. Orada XII Karl sultanı Rusiyaya qarşı müharibəyə təhrik etməyə çalışır, yeni gücün qarşısının cücərməmiş alınmasının vacibliyini bildirir.
Rusiya güclənmişdi, amma Osmanlı ilə açıq müharibəyə çıxacaq qədər uzun boylu deyildi. XII Karlın məsləhətini dinləyən Osmanlı ordusunu 1710-cu ildə Pyotrun üstünə yürüdür.
Çox keçmir, 1711-ci ildə Moldovanın Prut çayı yaxınlığında Pyotrın ordusu Osmanlı və Krım tatar qoşunları tərəfindən mühasirəyə alınır. Osmanlı, tatar ordusunun başında duran baş vəzir Baltacı Mehmet Paşa hücum edib əsgər itirməkdənsə, Rus ordusunu aclıqdan qırmağa üstünlük verir.
Ərzaq tədarükü kəsilən və əsgərlərin aclıqdan öləcəyini görən Pyotr arvadı Yekaterinaya Rusiyanın taleyini xilas etmək üçün hərəkətə keçməsini bildirən məktub yazır. Yekaterina xəzinəni boşaldır, şəxsi zinət əşyalarını toplayaraq Paşaya diplomat dəstəsi ilə rüşvət göndərir. İkinci versiyaya görə, Yekaterina Paşa ilə şəxsən görüşərək çadırında 3 saat sevişdikdən sonra qızılları təhvil verir.
Osmanlı düşərgəsində İsveç kralı XII Karl da var idi. O, diz çökərək Rus ordusunun məhv edilməsi üçün yalvarır və bu fürsətin bir də ələ düşməyəcəyini bildirir. Lakin Baltacı Mehmet Paşa, Azov qalasını Rusiyadan geri almaq müqabilində Pyotrın səfil vəziyyətdə olan ordusunu azad edir.
İsveç kralının haqlı olduğu, fürsətin əldən getdiyi Osmanlı sarayı da anlayırdı. Nəticədə Baltacı Mehmet Paşa İstanbula qayıdanda rüşvət aldığı və hərbi imkanını itirdiyi üçün Sultan III Əhməd tərəfindən mühakimə olunur, vəzifəsindən kənarlaşdırılır, Konyaya sürgün edilir və bir il sonra öldürülür.
Sonrası məlumdur: 1721-ci ildə İsveç üzərində qələbə ilə Rusiya həm Baltik, həm də sonrakı illərdə Qara dənizə çıxış əldə edir. Bu güclənmə Rusiyaya Cənuba doğru genişlənmək imkanı yaradır. Nəticədə Rusiya İmperiyası Qafqazı, Qacar torpaqlarını işğal edir və daha sonra Osmanlının yaxın müttəfiqi olan Krım xanlığının sonunu gətirir.
Beləliklə, Rusiya “Moskva Çarlığı”ndan çıxaraq Avropadan Şimali Amerikaya qədər uzanan böyük torpaqlara sahib olur və indiki hegemonluğunun təməlini qoyur.
Orxan Atabəy
Qlobal.net



